BlackBerry istehsal edən şirkətin direktoru istefa verib

BlackBerry istehsal edən şirkətin direktoru istefa verib

Kanadanın BlackBerry smartfonlar istehsalçısı Research in Motion (RIM) 20 ilə yaxın müddətdə şirkətə rəhbərlik etmiş həmicraçı direktorlar Cim Balsili və Maykl Lazaridisin istefa verməsini elan edib. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkətin bəzi səhmdarları ötən ilin yayından bu addımın atılmasına təkid ediblər, analitiklər isə bir neçə ay ərzində bu addımın atılacağını proqnozlaşdırıblar.


Səhmdarlar uzun müddətdir şirkəti öz strukturunda köklü dəyişikliklər etməyə, eləcə də məhsulların köhnəlməsi və şirkətin sadəcə olaraq bazarın digər iştirakçılarından geri qalması səbəbindən yeni məhsulların buraxılması prinsiplərinə yenidən baxmağa çağırıblar.


Gözlənildiyinə görə, Direktorlar Şurası şirkətin yeni rəhbəri vəzifəsinə əvvəllər iki əməliyyat direktorundan biri olmuş Torsten Haynsın təyin ediləcəyini elan edəcək.


Qeyd edək ki, 54 yaşlı T. Hayns RIM-ə 2007-ci ildə "Siemens" şirkətindən gəlib. O, alman şirkətində texnologiyalar üzrə direktor vəzifəsini icra edib.

Bütün xəbərlər Facebook səhifəmizdə