Ayın sonundan neftin bir bareli 50 dollar qalxa bilər - ARAŞDIRMA

Ayın sonundan neftin bir bareli 50 dollar qalxa bilər - ARAŞDIRMA

Ekspertlər Avropa İttifaqının İran neftinin idxalına embarqo qoyacağı ilə bağlı qərarı qəbul olunarsa bu ayın sonunda dünya bazarında neftin qiymətinin bir necə dəfə artacağını proqnozlaşdırırlar. Avropanın İran neftinin idxalına embarqo qoyması qərarına münasibət bildirən İran tərəfi isə bunun cavabında dünya neftinin 20 faizinin keçdiyi Hörmüz boğazını bağlayacağını bildirib.

Qeyd edək ki, artıq dünya bazarında neftin qiymətinin artması qeydə alınıb. Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neftin qiyməti 1,58 dollar yüksələrək 99,79 dollara çatdığı bildirilir. Neftin bir barelinin 1,5 dəfə bahalaşa biləcəyi də ehtimal olunur. Son günlərdə neftin qiyməti 5 dollar qalxıb, daha 50 dollar da qalxacağı istisna olunmur.


Qiymət artımı Yunanıstana daha çox mənfi təsir göstərəcək


Dünya bazarında neftin qiymətinin 8 faiz artması və yüksəlmənin davam edəcəyini beynəlxalq ekspertlər məlum siyasi proseslərlə bağlayır. Neftin qiymətinin kəskin şəkildə artacağı ilə bağlı verilən proqnozlar dünyanın aparıcı ölkələrində narahat etməyə başlayıb.

İran tərəfinin Hörmüz boğazını bağlaması nəticəsində isə bütün dünya iqtisadiyyatı, ancaq daha çox Avrozonada yerləşən Yunanıstana, İspaniyaya və İtaliyanın zərər çəkəcəyi proqnozlaşdırılır.


Ancaq bütün bu ehtimallar Avropa İttifaqının qərarından çəkinməyəcəyi ehtimalına gətirir. Analitiklər əmindirlər ki, boğazın bağlanmasından sonra Tehrana daha çox zərər dəyəcək. Çünki İran gün ərzində Hörmüzdən iki milyon barelə yaxın neft keçirir.


Neftin qiymətinin artması yeni qlobal böhran təhlükəsi yarada bilər


İqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, neftin qiymətinin artması dünya bazarında neftə olan tələbatı azalda bilər. Bu isə öz növbəsində Azərbaycan tərəfinə də sərf etmir: "Azərbaycan dəfələrlə rəsmi olaraq bəyan edib ki, dünya bazarında neftin qiymətinin artmasında maraqlı deyil. Çünki artım dünya bazarında real sektorun zəifləməsinə gətirib çıxarır ki, bu da neft böhranının yaranmasına səbəb ola bilər. Artıq bu sahədə olan təcrübədə bu prosesin mənfi təsirlərini ortaya qoydu. Belə ki, 2008-ci ildə neftin bir barelinin 145 dollara yüksəlməsi, qlobal maliyyə böhranı ilə müşahidə olundu. Neftin qiymətinin kəskin artımı yeni qlobal böhran təhlükəsini gündəmə gətirə bilər".


Ekspert Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirlərinin 75 faizi neft sektorunun payına düşəcəyini və ümumi mənzərəni nəzərə alaraq bildirdi ki, dünya bazarında neftin qiymətinin artmasının Azərbaycana müsbət və mənfi təsiri ola bilər: "Neftin bahalaşması Azərbaycanın dövlət gəlirlərinin, ölkəyə daxilolmaların artmasına səbəb ola bilər. Həmçinin neftin bir barelinin qiymətinin bir dollar artması ARDNŞ-in neft ixracatından gələn gəlirə gündəlik 850 min dollar vəsaitin əlavə edilməsi deməkdir. Deməli, bütün hallarda neftin dünya bazarında qiymətinin artması Azərbaycanın neft satışından gəlirlərinin artmasına, bu da öz növbəsində dövlət gəlirlərinin çoxalmasına gətirib çıxarır. Bu baxımdan neftin qiymətinin artması Azərbaycan üçün əhəmiyyətli hesab oluna bilər. Ancaq bunun mənfi təsirləri də qaçılmaz deyil. Belə ki, neftin qiymətinin artması birbaşa olaraq ölkəyə daxil olan məhsulların qiymətlərinin artmasına, həmçinin inflyasiyaya səbəb ola bilər".


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə