AccessBank Quba şəhərində özünün 30-cu filialını açıb

AccessBank Quba şəhərində özünün 30-cu filialını açıb
AccessBank 2012-ci ilə, Azərbaycanın şimalında, ölkənin qədim şəhərlərindən biri olan Qubada yeni filial açmaqla qədəm qoyub. Bu filialın açılması ilə bankın filiallarının ümumi sayı 30-a çatıb. SİA-nın xəbərinə görə, AccessBank-ın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli bank xidmətləri göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının, eləcədə VISA plastik kartların açılması, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürmələri, kiçik biznes və istehlak kreditlərinin verilməsi daxildir. Azərbaycanın regionlarının iqtisadi inkişafında aparıcı investorlardan biri olan AccessBank, hal-hazırda, kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə aparıcı bank hesab olunur. Bununla əlaqədar olaraq, "Quba" filialının həm öz regionunda, həm də qonşu rayonlarda kənd təsərrüfatı sektorunun inkişafına böyük töhfə verəcəyi gözlənilir.

AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky filialın açılışını şərh edərək deyib: "AccessBank-ın filiallarının sayı ildən-ilə artaraq tədricən ölkənin bütün regionlarını əhatə edir. Regionlarda filial şəbəkəsinin genişlənməsi, əhaliyə bütün növ bank xidmətlərinin göstərilməsinə və bütünlüklə respublikada biznesin inkişafına kömək etməklə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır".

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com