Azərbaycanda təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq olunub

Azərbaycanda təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq olunub

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 2011-ci il ərzində apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları, ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar və sərinləşdirici içkilər satışdan çıxarılaraq məhv edilib. SİA-nın nazirliyin rəsmi saytına istinadən verilən məlumatına görə, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları, yuyucu və təmizləyicilər, kosmetik vasitələr də satışdan çıxarılaraq məhv edilib. Ötən il ərzində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlər üzrə 95 qərar qəbul verilib və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 306,8 min manat maliyyə sanksiyası tətbiq olunub. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 1485 qərar qəbul edilib. Ümumilikdə 1287,8 min manat məbləğində cərimə tətbiq olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə