2012-ci sentyabrına qədər pensiyaların avtomatlaşdırılmış təyinatı prosesinə start veriləcək

2012-ci sentyabrına qədər pensiyaların avtomatlaşdırılmış təyinatı prosesinə start veriləcək

\"2011-ci ildə Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi işlərdən biri də pensiya ödəmələrinin avtomatlaşdırılması istiqamətində atılan addımlar idi\". SİA-nın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının mərkəzi qərərgahında keçirdiyi mətbuat konfransında deyib ki, bugünə olan məlumata görə, ölkədə mövcud olan bütün rayon şöbələrinin 71-də plastik kartlarla pensiyaçıların 100%-i təmin olunub. 4 rayon istisna olmaqla ölkə üzrə pensiyanın plastik kartlar vasitəsilə verildiyini deyən S.Müslümov qeyd edib ki, Ağdam rayonunda pensiyaçıların 98,53 faizi pensiyanı plastik kart vasitəsilə alırlar. Yardımlı 75,63%, Lerik 80,59%, Tovuz rayonlarında bu göstərici 97,27 faiz təşkil edir.

Onun sözlərinə görə, hazırda pensiya ödənişi üzrə 75 rayon şöbəsinin 39-una Azərbaycan Beynəxalq Bankı, 36-ına isə Kapital Bank tərəfindən xidmət göstərilir. Fond sədri qeyd edib ki, bu məqsədlə hər iki bankın 334 bankomatı qurumun sifarişi ilə quraşdırılıb: "Bunun 176-si Bakı və Sumqayıt şəhərində, qalanı isə respublikanın digər şəhər və rayonlarındadır. İl ərzində fərdi uçotun yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda fərdi uçot sistemində qeydiyyatda olan şəxslərin sayı 1 milyon 966 min 607 nəfərdir. Bunlarda 12221 nəfər 93 xarci ölkənin vətəndaşıdır və onların da hər birinin pensiya təminatının bizim ölkə tərəfindən yığılan vəsaitə uyğun olaraq aparılması nəzərdə tutulur. Proqnozlara görə, 2012-ci sentyabrına qədər pensiyaların avtomatlaşdırılmış təyinatı prosesinə start veriləcək. 2012-ci ilin 6 ayı ərzində qeydiyyatda olan 1 milyon 966 min 607 nəfərin 2006-ci ilə qədər olan stajları barədə məlumatlar toplanaraq başa çatdırılacaq. Bundan sonra heç bir sənəd tələb etmədən insanların yalnız elektron və ya yazılı şəkildə müraciəti əsasında onların pensiyalarının avtomatlaşdırılmış şəkildə təyin olunması, müvafiq banklar tərəfindən plastik kartların verilməsi təmin olunacaq".

Onun sözlərinə görə, gələn ildəki yeniliklərdən biri də pensiyaçılara Fond şöbələri ilə deyil, birbaşa banklar vasitəsilə plastik kartların verilməsi olacaq. S.Müslümov qeyd edib ki, pensiyaçıların avtomatlaşdırılmış təyinatı həyata keçiriləcək və 2012-ci il ərzində yığım elementinin təsdiqi, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması üçün qanunvericilik bazası yekunlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə