“Azərenerji” ASC \"Qusar-1\" KSES-nin tikintisini davam etdirir

“Azərenerji” ASC \"Qusar-1\" KSES-nin tikintisini davam etdirir

Alternativ və bərpa olunan enerji mənbələrindən məqsədyönlü şəkildə istifadə edilməsi bu gün prioritet istiqamətlərdən birinə çevrilib. Belə mənbələrdən biri də ölkə ərazisində olan çoxsaylı dağ çaylarının üzərində kiçik su elektrik stansiyalarının (KSES) tikilməsidir. Artıq bu istiqamətdə əməli addımlar atılır. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, belə kiçik su elektrik stansiyalarından biri də Quba-Xaçmaz iqtisadi rayonunda, Qusar rayonu ərazisindəki Cağar-Cibir kanalından qidalanan Qusar qolu kanalı üzərində inşa olunan \"Qusar-1\" KSES-dir. Hazırda həmin obyektin tikintisi Qusar rayonunun Urva kəndi yaxınlığında, dəniz səviyyəsindən təxminən 1020 metr yüksəklikdə yerləşən bir ərazidə aparılır. Burada tikinti işlərinə aşağıdakılar aiddir: KSES-in maşın zalının yerləşəcəyi bina, ora daxil olan basqı su boru xəttinin tikintisi, sugötürən və suaparıcı kanallar. Stansiyada 3 ədəd horizontal tipli hidroaqreqat quraşdırılacaq ki, onların da hər birinin gücü 0,35 meqavat təşkil edəcək. Beləliklə də, ümumi güc təxminən 1 MVT olacaq. Qeyd edək ki, stansiyada istifadə olunması lazım olan bütün zəruri avadanlıqlar əraziyə gətirilib. Tikinti meydançası üzrə nəzərdə tutulan işlər yekunlaşdırıldıqdan sonra avadanlıqların quraşdırılmasına başlanacaq. Stansiya istifadəyə verildikdən sonra burada istehsal olunacaq ekoloji cəhətdən təmiz elektrik enerjisi yaxınlıqda yerləşən 10 kilovoltluq yarımstansiya vasitəsilə elektrik enerjisi sisteminə birləşəcək və bu sistemlə paralel işləyəcək. Bu xətlə Urva kəndi və yaxınlıqdakı bir sıra yaşayış məntəqələrinin 10 kV-lik ötürmə xətti üzrə elektrik enerjisi təminatı həyata keçiriləcək. Xatırladaq ki, ilkin hesablamalara görə, respublika ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kVtsaat, o cümlədən texniki baxımdan istifadə edilməsi mümkün olan isə 16 milyard kVtsaat qiymətləndirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə