Yaxın vaxtlarda Azərbaycanın 85 faiz ərazisi rəqəmsal yayımla təmin olunacaq
"Azərbaycanda televiziyaların rəqəmsal yayıma keçidi məsələsi gündəmdədir. Bununla bağlı noyabr ayında qərar verəcəyik. Bu texniki məsələ olduğuna görə, hazırda bu işlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğuldur". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Şura sədri bildirib ki, yaxın günlərdə Azərbaycanın 85 faiz ərazisi rəqəmsal yayımla təmin olunacaq: "Narahatçılıq əsasən əhalinin durumu ilə bağlıdır. Birdən-birə rəqəmsal yayıma keçmək üçün bütün evlərdə bu yayımın qəbulu olmalıdır. Buna görə də Azərbaycan prezidentinə müraciət etmişik ki, ölkə əhalisinin aztəminatlı hissəsinə yardım edilsin. Hesab edirəm ki, təxminən 500-600 min nəfərlik təbəqəyə yardım edilməlidir. Əgər bu olarsa, biz çox qısa müddətdə rəqəmsal yayıma tam keçə bilərik. Təbii ki, rəqəmsal yayıma keçərkən, analoq yayım dayandırılacaq. Ancaq hələ ki, müəyyən müddət ərzində həm rəqəmsal yayım, həm də analoq yayım paralel olaraq davam edəcək. Düşünürəm ki, 2012-ci ildə tam rəqəmsal yayıma keçid mümkün olacaq".
N. Məhərrəmli bildirib ki, rəqəmsal yayıma keçiddən sonra bir tezlikdə 12 kanal yayımlanacaq. Bundan başqa, əhali çoxlu sayda interaktiv xidmətlərdən istifadə edə biləcək. MTRŞ-nın sədri həmçinin Azərbaycan telekanallarında xarici serialların yayımının məhdudlaşdırılmasının planlaşdırıldığını deyib: "Hazırda Azərbaycan telekanalları ilə bağlı əsas problemlərdən biri xarici serialların göstərilməsdir. İstərdik ki, bizim gənc nəsil xarici – Braziliya, Venesuela serialları əsasında yox, Azərbaycan serialları əsasında tərbiyə olunsunlar. Bununla bağlı Azərbaycan prezidentinin sərəncamı ilə ayrılmış 5 milyon manat telekanallar arasında bölüşdürüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB