Biləsuvarlılar da Kür suyu içəcək
"Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 23 min (mövcud 19,5 min) nəfər üçün hesablanıb. \"Azersu\"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının SİA-ya verdiyi məlumata görə, layihəyə uyğun olaraq şəhərin su təchizatı Kür çayından aparılacaq: "Əhalinin dayanıqlı içməli su təminatı məqsədilə 7500 kubmetr həcmində su anbarı və nasos stansiyası tikiləcək. Şəhərdə ümumi uzunluğu 120 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və 82 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kanalizasiya nasos stansiyası inşa olunacaq. Yaranacaq çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr olacaq qurğuda təmizlənəcək. Layihə üzrə tikinti işləri 20 ay ərzində başa çatacaq".
Qurumdan bildirildi ki, hazırda Biləsuvar şəhəri içməli su ilə Araz çayından ayrılan Əzizbəyov adına kanaldan təmin olunur. Şəhərin su şəbəkəsinin uzunluğu 52 km-dir, kanalizasiya şəbəkəsi yoxdur. "Azərsu" ASC şəhər əhalisinin 60 faizinə xidmət göstərir, qalan əhali isə suyu fərdi qaydada kanallardan götürür.

Bütün xəbərlər Facebook səhifəmizdə