Ərzaq məhsulları 0,68 faiz bahalaşıb

Ərzaq məhsulları 0,68 faiz bahalaşıb
İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin sentyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,65 faiz artıb. Bu zaman ərzaq məhsulları 0,68 faiz, qeyri-ərzaq məhsulları 0,59 faiz, xidmətlər isə 0,74 faiz bahalaşıb.
Avqust ayına nisbətdə sentyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,84 faiz, regionlarda 0,45 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 0,96 faiz, regionlarda 0,41 faiz, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,80 və 0,38 faiz, xidmətlər isə 0,83 və 0,65 faiz bahalaşıb. Sentyabr ayı ərzində ən çox xarici dil kursları (8,34 faiz), toyuq yumurtası (7,95 faiz), sümüklü qoyun əti(4,94 faiz), bahalaşıb. Mövsümi amillərlə bağlı sentyabrda nar 28,45 faiz, balqabaq 13,64 faiz, təzə kartof 13,46 faiz və sair ucuzlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 15,24 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,89 faiz, regionlarda isə 11,65 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında(25,40 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 4,00 faiz, xidmətlərdə isə 4,65 faiz təşkil edib. 2011-ci ilin 9 ayında ölkədə istehlak qiymətləri 8,52 faiz, o cümlədən ərzaq məhsulları 13,25 faiz, qeyri-ərzaq məhsulları 2,54 faiz, xidmətlər isə 4,07 faiz yüksəlib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında sentyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 165,57 manat, pensiyaçılar üçün 149,53 manat, 0-14 yaşlı uşaqlar üçünsə 207,93 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 102,35 manat, pensiyaçılar 92,49 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 118,32 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 37,90 manat, pensiyaçılar üçün 34,60 manat, 0-14 yaşlı uşaqlar üçün 72,05 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə