“Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu”

“Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu”

Bu gün Bakıda "Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, xarici ölkələrdən 90-a yaxın nümayəndənin iştirak etdiyi konfransın keçirilməsi bu sahədə Avropa və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və səmərəli tətbiqi yollarının müzakirəsi məqsədi daşıyır.

Tədbirdə çıxış edən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda əmlak münasibətləri və bununla bağlı idarəçilik məsələləri yeni və səmərəli əsaslarla qurulub. O bildirib ki, müstəqillik illərində həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsində ölkədə əmlak münasibətlərində ciddi dəyişikliklər baş verib. Qəbul olunan dövlət proqramları əsasında aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni strukturunun formalaşması ilə nəticələnib. Bütün bu ardıcıl tədbirlər ölkədə sürətli iqtisadi inkişafın təmin edilməsində əmlak münasibətlərinin, əmlak bazarının aktivliyinin və bununla bağlı investisiya proseslərinin rolunu daha da artırıb.

Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün Azərbaycanda yeni iqtisadi sistemin tam formalaşdığını deyib. O bildirib ki, Azərbaycana mülkiyyət hüququnun təkmilləşdirilməsinə xidmət edən ciddi qanunvericilik bazası yaradılıb.

Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək beynəlxalq elmi-praktik konfransın sonunda bu mövzulara dair beynəlxalq və xarici ölkələrin təcrübələrinin təhlili əsasında Azərbaycan üçün məqbul ola bilən inkişaf konsepsiyası üzrə təkliflər hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə