ARDNŞ-ın Türkiyədə tikdiyi zavodun təməlqoyma mərasimi oktyabrın sonunda olacaq
\"ARDNŞ-ın Türkiyədə inşa etdiyi neftayırma zavodu ilə əlaqədar bütün zəruri işlər görülüb, zavodun layihəsi və texniki-iqtisadi əsaslandırması hazırlanıb\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda danışıqlar davam edir, maliyyə məsələləri müzakirə olunur, ərazidə torpaq-hamarlama işləri aparılır. "Oktyabr ayının sonunda zavodun təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur. Dörd ildən sonra ilk qurğuları işə salıb zavodu istismara verəcəyik. Bu, Azərbaycanın enerji sahəsində ən böyük investisiya layihəsi olacaq" - deyə R.Abdullayev qeyd edib. Daha sonra Rövnəq Abdullayev Beynəlxalq konsorsiumların Xəzər dənizində yerləşən "Şahdəniz" yatağında hasil olunan təbii qazın Avropaya nəqli ilə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, hazırda təqdim olunmuş təkliflərlə əlaqədar dəyərləndirmə işləri aparılır: "Bu işlər təxminən 15-20 gün çəkəcək". Qeyd edək ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqlinə dair təkliflərin qəbulu oktyabrın 1-də başa çatıb. "Nabucco" konsorsiumu, ITGI (Interconnector Turkey-Greece-Italy) qaz kəməri layihəsinin reallaşdırılmasına məsul olan "IGI Poseidon" şirkəti və TAP layihəsi (TransAdriatic Pipeline - TransAdriatik qaz kəməri) "Şahdəniz" qazının Avropaya nəqli üçün Azərbaycana təklif təqdim edib. Qalib şirkətin adı bu ilin sonunadək açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB