Menecerlər arasında müsabiqə elan olunub

Menecerlər arasında müsabiqə elan olunub
Almaniyada ixtisasartırma kursu keçmək üçün sahibkarlar və gənc menecerlər arasında müsabiqə elan olunub. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzində "Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya bir ay müddətinə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqəyə başlanılıb.
Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Almaniyanın Menecment Akademiyasının nümayəndələri tərəfindən keçirilən müsabiqə 3 gün davam edəcək. Müsabiqədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 55 nəfər sahibkar və gənc menecer iştirak edəcək.
Müsabiqədə uğur qazanmış namizədlər 2011-ci ilin noyabrın 1-dən 30-dək Almaniyanın Menecment Akademiyasında və fəaliyyət göstərdikləri sahələrə uyğun müəssisələrdə tədris və təcrübə keçəcəklər.
Proqram çərçivəsində bütün zəruri xərclər (yol xərcləri istisna olmaqla) Almaniya tərəfindən ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə