Vüqar Bayramov: \"Qərb Azərbaycan qazının nəqli ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil” - AÇIQLAMA
"Abşeron" blokunda iri qaz yatağının tapılması qaz satışından ölkənin əldə edəcəyi gəlirlərin artması baxımından əhəmiyyətlidir: "Abşeron" blokundakı iri qaz yatağı, eləcə də 2016-cı ildən istifadəyə verilməsi planlaşdırılan "Şahdəniz" yatağının 2-ci fazası göstərilən dövrdən sonra Azərbaycanın hasil və ixrac etdiyi qazın həcmində kəskin artımların olacağını deməyə əsas verir. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspert "Abşeron" blokunda iri qaz yatağının tapılmasının heç də təsadüfi olmadığını, bu yataqda sovet dövründə kəşfiyyat işlərinin aparıldığını qeyd edib: "Təbii qaz yatağı yerin dərin qatlarında yerləşdiyindən sovet texnologiyası qazın tapılması və hasil edilməsini həyata keçirə bilmədi. Bununla belə həmin dövrdə də \"Abşeron\" blokunda iri qaz yatağının olması müəyyən edilmişdi. Hazırda Dövlət Neft Şirkəti yataqda qaz ehtiyatlarının 350 milyard kub metr olduğunu açıqlasa da, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əldə etdiyi məlumatlarda bu rəqəm 500 milyard kubmetrdən artıqdır".
Ekspert 2016-cı ildən sonra ölkənini mavi qaz ixracatının il ərzində 40 milyard kubmetrə qədər yüksələcəyini və Azərbaycanın regionun ən iri qaz ixracatçılarından birinə çevriləcəyini bildirib. O, "Abşeron" blokunda mavi qaz yatağının tapılmasının Azərbaycan üçün bir sıra geopolitik çətinliklər yaradacağını da istisna etməyib: "Azərbaycan indiyə qədər "Transxəzər", xüsusilə "Nabucco"ilə bağlı mövqeyini birmənalı şəkildə bildirməyib. Baxmayaraq ki, "Transxəzər" layihələrinin icrası istiqamətində tender elan edilib. Digər tərəfdən Türkiyənin enerji naziri artıq öz təkliflərini təqdim etdiklərini və yeni təkliflər təqdim etmək niyyətində olmadıqlarını bəyan edib. Bu onu göstərir ki, Qərb Azərbaycan qazının nəqli ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil".
Vüqar Bayramov bildirir ki, əvvəllər Azərbaycan "Transxəzər" layihələri ilə bağlı mövqeyini birmənalı müəyyənləşdirə bilmirdisə, "Abşeron" yatağında qazın tapılmasından sonra bu tərəddüd aradan qalxıb. Azərbaycan "Transxəzər" layihələri və "Nabucco"ya yox deməkdə çətinlik çəkə bilər. Belə halda Qərbin Azərbaycana təzyiqlərinin artması ehtimalı böyükdür.
Rusiyanın da bu istiqamətdə təzyiqlərini istisna etməyən iqtisadçı bildirir ki, Rusiya birmənalı şəkildə öz ərazisindən keçməyən "Transxəzər" layihələrinə qarşıdır: "Bütün hallarda yeni qaz yatağının aşkar olunması Azərbaycana öz mavi qazını müxtəlif bazarlara nəql etməyə, eləcə də daha baha qiymətə satmağa imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB