“Azərikimya” İB-də Beynəlxalq ekologiya konfransı keçirilib

“Azərikimya” İB-də Beynəlxalq ekologiya konfransı keçirilib
"Azərikimya" İstehsalat Birliyində "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi" mövzusunda Beynəlxalq ekologiya konfransı keçirilir. SİA-nın şirkətin saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək konfransda Almaniya və Azərbaycanın ekologiya məsələləri ilə məşğul olan dövlət qurumları və ictimai təşkilatlarının, həmçinin ARDNŞ-in Ekologiya İdarəsinin, "Azərikimya" İB-nin, Sumqayıt Bələdiyyəsinin, Almaniyanın Bakıdakı səfirliyinin, Almaniya Federal Ekologiya Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçiləri, yerli Qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində "Azərikimya" İB və Almaniyanın GİCON şirkəti arasında Əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Almaniyanın GİCON şirkətinin rəhbəri Yoxen Grossmann imzalayıblar. Tədbirdə Almaniyanın Sumqayıtla partnyor şəhəri olan Lüdviqshafenin nümayəndələri xanım Yudit Rader və Uve Frolixin "Çirkləndirilmiş ərazilərin yerli perspektivdən idarə olunması" və BASF şirkətinin nümayəndəsi Uve Ganqlitsin "Şirkətlərin ətraf mühitin idarə olunması konsepsiyası", GİCON şirkətinin təmsilçiləri Tilo Hok, Uve Kallert və Tomas Delşenin "Çirklənmə mənbəyi olan torpaqların risklərinin qiymətləndirilməsi, həmçinin bu çirklənmələrin insan orqanizminə və yeraltı sulara təsiri" mövzularında məruzələri, GİCON şirkətinin rəhbəri Yoxen Grossmannın, Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayevin və "Azərikimya" İB-nin Ekologiya şöbəsinin böyük mühəndisi İlham Məhərrəmovun Sumqayıtın və onun sənaye zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlər, həmçinin Almaniyanın ekologiya üzrə dövlət strukturları və ictimai təşkilatları ilə birgə həyata keçirilmiş tədbilər barədə çıxışları dinlənilib. Tədbir iştirakçılarının Sumqayıt şəhəri ilə tanışlığı üçün ekskursiya təşkil olunub, onlar Təhlükəli tullantılar poliqonuna səfər ediblər.

Konfransın sonuncu günündə ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyevin "ARDNŞ-in ekologiya monitorinq sistemi" və Almaniyanın UMR - Ətraf Mühitin İdarə Olunması və Risk xidmətləri üzrə Cəmiyyətin rəhbəri professor Kristof Aypperin "Ətraf mühit risklərinin təhlili" mövzularında məruzələri dinləniləcək.

Konfrans qonaqların Bakı şəhərinə, o cümlədən "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsinin mədən ərazilərinə ekskursiyası ilə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə