“SOCAR Yay məktəbi - 2011”in rəsmi açılış mərasimi keçirilib

“SOCAR Yay məktəbi - 2011”in rəsmi açılış mərasimi keçirilib
Sentyabrın 1-də "Ramada" otelində "SOCAR Yay Məktəbi"nin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "Yay Məktəbi" iştirakçısı olan 40 gənci salamlamış, məktəbin işinə uğurlar arzulayıb. SİA-nın xəbərinə görə, Azərbaycanda neft sənayesinin tarixi keçmişi və müstəqillik illərində bu sahədə qazanılmış uğurlardan, müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etməsindən danıışan X.Məmmədov ARDNŞ-nin həyata keçirdiyi təhsil proqramları, o cümlədən "SOCAR Yay Məktəbi" proqramının məqsəd və məramı haqqında məlumat verib. Bildirilib ki, Dövlət Neft Şirkəti 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlayıb. Ölkəmizin universitetlərində neft ixtisasları üzrə təhsil alan tələbələrə müsabiqə əsasında ARDNŞ-nin təqaüdləri verilir. Yüzdən artıq gənc isə Şirkətin Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirir. Qeyd olunub ki, hazırda həyata keçirilən Yay Məktəbində mühazirəçilərin də çoxu SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir. X.Məmmədov 2011-ci ildə kadrların seçilməsi, işə qəbul olunması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işlərin təkmilləşdirilməsi məqsədi ilə İnsan Resursları Departamentinin yaradıldığı haqqında da gənclərə məlumat vermişdir. Qeyd olunub ki, departament vasitəsi ilə Şirkətə işə qəbul prosesi vətəndaşların bilik-bacarığı yoxlanılmaq şərti ilə həyata keçiriləcək və bu prosesdə intellektual potensialı yüksək olan gənclərə üstünlük veriləcəkdir.

Tədbirdə qeyd olunub ki, Yay Məktəbi iştirakçıları üçün maraqlı proqram hazırlanıb. Sentyabrın 12-dək davam edəcək Yay məktəbində enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, nəqli və saxlanması, ekoloji normalar və alternativ enerji mənbələri, neft və neft məhsullarının satışı, neftin qiymətinin formalaşmasını və s. əhatə edən mövzularda çıxışlar olacaq, diskusiyalar keçiriləcək. Iştirakçılar Şirkətin məsul şəxslərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcəklər. Yay məktəbi dövründə gənclər üçün Şirkətin idarə və müəssisələrinə ekskursiyalar da təşkil olunacaq ki, bu da onların istehsalat prosesi ilə yaxından tanış olmasına imkan verəcək. Bu il ilk dəfə olaraq yay məktəbinin iştirakçıları layihə çərçivəsində Balakənə də səfər edəcəklər. Sentyabrın 9-dan etibarən layihə "Qubek" otelində davam etdiriləcək. Burada isə gənclər arasında intellektual oyunlar, idman yarışları keçiriləcək, onlar turist gəzintilərinə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə