Bakı-Sumqayıt marşrutunda süni qiymət artımının qarşısı alınıb

Bakı-Sumqayıt marşrutunda süni qiymət artımının qarşısı alınıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sərnişindaşıma sahəsində apardığı monitorinqlər zamanı Bakı-Sumqayıt marşrutu ilə sərnişindaşıma xidmətləri göstərilməsində süni qiymət artımına yol verildiyi və sərnişinlərdən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən məbləğlərdən artıq gediş haqqı alındığı müəyyən edilib. İİN-dən SİA-ya verilən xəbərə görə, Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən qiymətlərə əsasən, Bakı-Sumqayıt marşrutu üzrə Sumqayıt şəhərinə qədər gediş haqqı 35 qəpik təşkil etdiyi halda, Ceyranbatan qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda sərnişinlərdən əlavə 5 qəpik, Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda isə Sumqayıtın girişinədək gedən sərnişinlərdən 15 qəpik artıq gediş haqqı alındığı aşkar olunub.

Görülən tədbirlər nəticəsində bu marşrutlarda süni qiymət artımının qarşısı alınıb və gediş haqlarının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilən qiymətlərə uyğunlaşdırılması təmin edilib. Monitorinqlər zamanı Saray qəsəbəsindən keçməklə Sumqayıta gedən marşrutlarda Sumqayıt şəhərinin daxili marşrutlarında hərəkət edən sərnişinlərdən artıq gediş haqqı alınması halları müəyyən edilməyib.

Məlumat üçün bildirilir ki, marşrutlar üzrə sərnişindaşıma xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurasının internet saytında (www.tariffcouncil.gov.az) yerləşdirilib. Sərnişinlərə bu qiymətlərdən artıq gediş haqqı tələb olunduqda, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə (195-2) və ya İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (telefonlar: (012) 498-15-01 və (012) 498-15-04) müraciət etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə