İdris İsayev: \"Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyət daha da təkmilləşdirilir\"

İdris İsayev: \"Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyət daha da təkmilləşdirilir\"
"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarına bir sıra mühüm dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, bu barədə qurumun rəsmi internet səhifəsinə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-Büdcə şöbəsinin müdiri İdris İsayev deyib.


- Əsasnamədən bir çox hissələr dəyişiklik nəticəsində çıxarılıb. Zəhmət olmazsa, onlar barədə məlumat verərdiniz ki, sığortaedənlər bunları öz işlərində nəzərə alsınlar?

- Əsasnamədən çıxarılan hissələr daha çox məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin hesablanması qaydasında aparılan dəyişikliklərdən irəli gəlmişdir. Bundan əlavə Əsasnamədə təkrarlanan, biri-birini tamamlamayan və artıq əhəmiyyətini itirmiş müddəalar çıxarılmışdır.

- Hal-hazırda mühasiblər müavinətin hesablanması ilə bağlı müxtəlif metodlardan istifadə edirlər. Mümkünsə, müavinətin daha düzgün hesablanması qaydasını izah edərdiniz?

- Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər hesablanması qaydasına görə iki qrupa bölünür. Birinci qrup müavinətlər qazanca və sosial sığorta stajına görə hesablanır. İkinci qrup müavinətlərin məbləği isə qanunvericiliklə təsdiq edilmişdir. Əsasnamədə edilən dəyişikliklər başlıca olaraq birinci qrup müavinətlərin hesablanması ilə əlaqədardır. Bunlar aşağıdakılardır:

1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün tələb olunan əsas göstəricilərdən biri sığortaolunanın qazancıdır. Əsasnaməyə edilmiş dəyişikliklə müavinət hesablanarkən nəzərə alınan qazancın tərkibi dəqiqləşdirilmişdir.


Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc deyildikdə əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.


Əmək haqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.


Dəyişiklikdən əvvəl əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət hesablanarkən son ayın və ya son iki ayın qazancı nəzərə alınırdı. Bəzi sığortaedənlər (özəl sektora aid olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər) bu imkandan istifadə edərək uzun müddət heç bir yerdə işləməyən (sığorta olunmayan) şəxsləri (xüsusi ilə də qadınları) sosial sığorta hadisəsi baş verən aydan əvvəlki son iki ayda işə götürərək onlara yüksək əməkhaqqı rəsmiləşdirir və qazancın 100 faizi məbləğində müavinəti hesablayaraq onun uzun müddət (hamiləliyə və doğuma görə - 126 gün, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə- əlillik dərəcəsi alanadək) verilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun orqanlarına müraciət edirdilər. Adətən sığortaedənlər belə əməliyyatları apardıqdan sonra dərhal fəaliyyətlərini dayandırır və ya müavinət alan şəxsləri işdən azad edirdilər. Digər dövlətlərin təcrübəsi öyrənilərək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və hamiləliyə və doğuma görə müavinətin məbləğinin hesablanmasında nəzərə alınan qazancın dövründə dəyişikliklər edildi.


Belə ki, dəyişiklikdən sonra müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır.


Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

• əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

• hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;

• uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;

• məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.


Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü bəndinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi yolu ilə tapılır.


Müavinətin ümumi məbləği, gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması yolu ilə tapılır.

Misal 4.(müddətlər şərti götürülmüşdür) İşçi 2011-ci ilin yanvar ayında 10 iş günü əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşçi əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında bütün iş günlərini tam işləmişdir və həmin dövrdə onun qazancı yalnız əmək haqqından ibarət olaraq 4800 (400 manat x 12 ay) manat təşkil etmişdir. İşçinin 7 il sosial sığorta stajı vardır.


İlk növbədə bir iş gününə düşən orta gündəlik qazanc tapılmalıdır. Bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır.


Bir iş gününə düşən orta gündəlik qazanc = 4800 manat (hesabat dövründə qazanc) / 252 iş günü (hesabat dövründə iş günlərinin sayı) = 19,05 manat


Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği işçinin sosial sığorta stajından asılıdır. Misaldan göründüyü kimi işçinin 7 il sosial sığorta stajı vardır. Bu isə işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi hər iş gününə orta gündəlik qazancın 80 faizi miqdarında, yəni 15,24 manat (19,05*80%) müavinət almaq hüququ verir.


Qanunvericiliklə gündəlik müavinətin maksimal həddi Əsasnamənin 3-cü bəndinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi yolu ilə tapılır.


Göstərdiyimiz tarixə gündəlik müavinətin maksimal həddi = 85 manat (yaşa görə əmək pensiyasının baza hissəsi) x 25 misli = 2125 manat / 17 iş günü (yanvar ayında iş günlərinin sayı) = 125 manat təşkil edir.


Göründüyü kimi, gündəlik müavinətin məbləği gündəlik müavinətin maksimal həddindən aşağı olduğundan işçinin əmək qabiliyyətini müvəqqəti itirilməsinə müavinətinin məbləği 152,40 (15,24 manat x 10 iş günü) manat təşkil edəcəkdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim gününə düşən iş günləri üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə