Əli Abbasovdan sərt mesaj: “Provayderlər tərəfindən internet tarifləri aşağı salınmasa...”
Yaxın bir neçə ay ərzində Azərbaycanda fəaliyyət göstərən provayderlər tərəfindən internet tarifləri aşağı salınmasa, hökumət tərəfindən müəyyən tənzimləyici tədbirlərə əl atıla bilər. SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib: "Azərbaycanda internet qiymətləri çox da baha deyil. Bir neçə ay əvvəl "Delta Telecom" şirkəti tərəfindən provayderlərə verilən internetin qiyməti də aşağı salınıb. "Delta Telecom" tərəfindən aşağı salınan qiymətlər provayderlər tərəfindən həyata keçirilməlidir. Amma burada nədənsə müəyyən qədər yubanmalar görünür. Məlumdur ki, bu da provayderlərin müəyyən qazanc əldə etməsi ilə bağlıdır", - deyə nazir Ə. Abbasov vurğulayıb.
Nazir Azərbaycanda internetdə texniki təhlükəsizliyi təmin edəcək qurumun yaradılması ilə bağlı təşkilati işlərin aparıldığını və bununla bağlı müəyyən təkliflərin mövcud olduğunu deyib: "Bu çərçivədə Nazirlər Kabineti iş aparır: "Belə bir qurumun yaranması ölkənin internet təhlükəsizliyini təmin edəcək".
"Azercell" və "Bakcell" mobil operatorları hökumətin qoyduğu şərtləri qəbul edən kimi onlara 3G xidmətləri göstərmək üçün lisenziya veriləcəyini deyən nazir söyləyib ki, bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən gərəkli olan bütün addımları atıb: "Hökumət 3G lisenziyası üçün irəli sürdüyü şərtləri açıqlayıb. Lakin "Azercell" və "Bakcell"in bu məsələdə bəzi tərəddüdlər edir. 3G lisenziyasını almaq üçün "Telekommunikasiya haqqında" qanuna əsasən hazırlanmış qaydaları qəbul edən kimi onlar bunu alacaqlar. Amma nədənsə həm "Azercell", həm də "Bakcell" bu məsələdə tələsmirlər.
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən operatorların şəbəkəsi şəffaf olmalıdır. Yəni orada operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. İkinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki operatorlar, xüsusilə də "Azercell" nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. Bu gün o, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Ona görə də artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da "Azercell" və "Bakcell" razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB