Şirvan Regional Elektrik Şəbəkəsində təmir işləri davam edir

Şirvan Regional Elektrik Şəbəkəsində təmir işləri davam edir

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan "Şirvan Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması və enerji təchizatının dayanıqlığının möhkəmləndirməsinin təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, Masallı, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Şirvan və Hacıqabul rayonlarında istehlakçıların daha dayanıqlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də 330 kV-lik IV "Şirvan" hava xəttinin 5 kilometri əsaslı təmir olunmuş, 84 ədəd izolyator və 44 ədəd xətt armaturu dəyişdirilmişdir. 220 kV-lik II "Şirvan" və III "Masallı" elektrik verilişi xətlərinin (EVX) isə ümumilikdə 17 kilometrə yaxın hissəsi əsaslı təmir edilmiş və 30-a yaxın xətt armaturu yenisi ilə əvəz edilib.

Qeyd edək ki, analoji təmir işləri 110 kV-lik I "Salyan", II "Masallı", I "Neftçala", "Cəlilabad" və digər EVX-lərdə də aparılmış və burada sözügedən dövr ərzində 54 kilometrdən artıq xətt əsaslı təmir edilmiş, 90-dan artıq izolyator və 349 xətt armaturu yenisi ilə əvəz edilib. Eyni zamanda 13 ədəd dayaq əsaslı təmir edilib.

Yeri gəlmişkən, 35 kV-lik 758 saylı, 761 saylı "Masallı-Arus", "Xanbulan" və digər EVX-lərdə isə bu göstəricilər müvafiq olaraq 20 kilometrə yaxın, 45 və 21 ədəd olub.

Eyni zamanda burada 3 ədəd dayaq əsaslı təmir edilib.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, sözügedən dövr ərzində 220 kV-lik "Masallı" yarımstansiyasında 1 saylı 125 MVA, 2 saylı 63 MVA-lıq transformatorlarda təmir işləri görülüb. Müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik yarımstansiyalarda ümumilikdə 35 ədəd transformator və onun avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri aparılıb.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik şəbəkələrdə və transformator məntəqələrində (TM) də geniş miqyaslı yenidənqurma və təmir işləri aparılıb. Belə ki, yenidənqurma işləri ilə əlaqədar olaraq smart-kart tipli sayğacların quraşdırılması məqsədilə sayğacların giriş hissəsinə 38 kilometrdən artıq koaksial kabel çəkilib. Eyni zamanda, 2,6 kilometrdən artıq kabel xətti çəkilmiş, 56 kilometrdən artıq 0,4 kV-lik elektrik verilişi xətti "SİP" kabelləri ilə əvəz edilib. Bunlardan əlavə, 2 ədəd transformator məntəqəsi quraşdırılmış və gərginliyi 10 və 6 kV olan 11 kilometrə yaxın olan EVX yenidən qurulmuşdur. Bütün bunlarla yanaşı, 45 TM-də yenidənqurma, 345-dən artıq TM-də və 135 kilometrdən artıq xətdə isə əsaslı və cari təmir işləri yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə