Kadastr sahəsində elektron xidmətlərin göstərilməsi üçün informasiya bazası yaradılır

İyul ayının 12-də Gəncə şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin və Almaniyanın KfW bankının cəlb etdiyi ekspertlərin iştirakı ilə Almaniya Hökumətinin dəstəyi ilə Gəncə və Şəkidə həyata keçirilən "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin gedişatına dair seminar keçirilib.

Komitədən SİA-ya verilən xəbərə görə, seminar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydalarının təsdiq edilməsi haqqında" 27 iyul 2010-cu il tarixli Fərmanının icrası ilə əlaqədar tədbirlər çərçivəsində keçirilib. Bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın və torpaq sahələrinin texniki inventarlaşdırılması, daşınmaz əmlakın kadastr uçotuna alınması və vahid dövlət kadastrının tərtib edilərək aparılmasısahəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirir. Xüsusi ilə qeyd edilməlidir ki, bu istiqamətdə inkişaf edilmiş ölkələrin qabaqcıl təcrübələri öyrənilir, faydalı beynəlxalq əməkdaşlıq əlaqələri həyata keçirilir.

Bu baxımdan Gəncədə keçirilən bugünkü seminar Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında "Maliyyə Əməkdaşlığı haqqında" Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın KfW Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə həyata keçirilən "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin icrasına həsr edilib.

Seminarda komitənin mərkəzi aparatının, Gəncə Şəhər İcra Hakimiyyətinin, yerli təşkilatların, bələdiyyələrin, komitənin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı Mərkəzinin, komitənin müvafiq regional bölmələrinin işçiləri, layihə üzrə Almaniya məsləhətçi şirkətinin ekspertləri iştirak ediblər.

Tədbirdə qeyri-neft sektorunun inkişafında vacib rol oynayan və investisiya proseslərinə təkan verən Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu layihənin əsas məqsədlərindən biri torpaq sahələri və daşınmaz əmlakdan daha səmərəli istifadə edilməsi məqsədi ilə Gəncə şəhərinin mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılmasıdır. Bu layihənin həyata keçirilməsi nəticəsində daşınmaz əmlak sahəsində dövlət idarəçiliyinin səmərəliliyinin təmin edilməsi, şəhər planlaşdırılmasının və inkişafının təkmilləşdirilməsi, torpaq sahələri və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradılacaqdır. Bütün bunlar vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaqdır.

Tədbirdə bildirilib ki, Gəncə şəhərində "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin icrasına cari ilin iyun ayından başlanıb. Bu məqsədlə ilk olaraq Almaniyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı texnologiyaları üzrə özəl şirkətin mütəxəssislərinə və yerli mütəxəssislərə treninqlər keçirilib. Artıq Gəncə şəhəri üzrə seçilmiş pilot ərazidə bina, tikili və torpaq sahələrinin ölçmə işlərinin aparılması həyata keçirilir. Ölçmə işlərində layihə çərçivəsində alınmış xüsusi proqram təminatı olan müasir geodezik cihazlardan və alətlərdən istifadə olunur.

Layihə çərçivəsində hazırlanacaq rəqəmsal daşınmaz əmlak kadastr xəritələri Gəncə şəhərində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı əhaliyə göstərilən xidmətin əsaslı şəkildə yaxşılaşdırılması, informasiya bazasının formalaşmasına, bu sahədə şəffaflığın və çevikliyin daha da artırılması istiqamətində mühüm vasitə olacaqdır. Hazırlanan rəqəmsal kadastr xəritəsindən istifadə əmlak bazarında münasibətlər dövriyyəsində vaxt itkisinin qarşısını alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə