ARDNŞ-də BMT-yə üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələri ilə görüş olub

ARDNŞ-də BMT-yə üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələri ilə görüş olub
ARDNŞ-nin Baş ofisində Şirkət rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrinin görüşü keçirilib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, qonaqları səmimi salamlayan ARDNŞ-nin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və bu inkişafda neft-qaz sənayesinin mühüm rol oynadığını bildirib. Nümayəndə heyəti adından Qambiyanın BMT-dəki daimi nümayəndəsi xanım Süzan Vaffa–Oqu qəbul üçün minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycana səfər etməkdən böyük məmnunluq duyurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiklərini nəzərə çatdıran qonaq ölkələrarası ikitərəfli və çoxtərəfli münasibətlərdə iqtisadi əlaqələrin əhəmiyyəti haqda cənab Prezidentin fikrini dəstəklədiklərini və bu baxımdan güclü iqtisadi potensiala malik olan Azərbaycan, onun qədim tarixə malik neft-qaz sənayesi haqda geniş məlumat almaq istədiklərini bildirib. ARDNŞ-nin vitse-prezidenti E. Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixinə verdiyi töhfələr haqqında qonaqları məlumatlandırıb. O, xüsusilə vurğulayıb ki, 1848-ci ildə dünya sənaye üsulu ilə ilk neft quyusu Bakıda qazılmış, neftin gəmilər və dəmiryolu ilə daşınmasının, kəmərlər vasitəsi ilə nəql olunmasının, habelə neft emalı sənayesinin əsası Azərbaycanda qoyulub. Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıran E. Nəsirov ötən əsrin əvvəllərində xarici sərmayədarların buradakı fəaliyyəti haqda söz açıb. Daha sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, əsası milli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının həyata keçirilməsindən danışan E. Nəsirov bildirmişdir ki, qısa müddətdə ölkəmizdə neft-qaz hasilatı rekord səviyyəyə çatdırılmış, etibarlı və şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sistemi yaradılıb. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqda qonaqların suallarını cavablandıran ARDNŞ rəsmiləri son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailliyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından danışıblar. BMT üzvü olan ölkələrin səfirlərinə ARDNŞ-nin əldə etdiyi uğurlar haqqında da ətraflı məlumat verilib. Qonaqlar dolğun informasiyaya görə minnətdarlıq edib, Azərbaycan, onun yüksəlişdə olan iqtisadiyyatı barədə məlumatlardan diplomatik fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər. Görüşün sonunda onlara Azərbaycanın neft sənayesi tarixindən bəhs edən kitablar və ARDNŞ-nin xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə