Rövnəq Abdullayev Neft Daşlarına səfər edib

Rövnəq Abdullayev Neft Daşlarına səfər edib
İyunun 27-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarına səfər ediblər. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, səfərdə ARDNŞ rəhbərliyini "Azneft" İstehsalat Birliyi və Şirkətin digər idarə və müəssisələrinin başçıları müşayiət ediblər. Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edib, heykəlin önünə çiçək dəstələri qoyublar. Sonra ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər "28 May" NQÇİ-nin burada yerləşən Lay təzyiqinin saxlanılması sexində olmuş, köhnəlmiş hidrotexniki qurğuların demontaj edilməsi işləri ilə maraqlanıblar. Şirkət prezidentinə məruzə edilibdir ki, gəmilərin sərbəst şəkildə əraziyə yan alması və işləmələri üçün bu hissədə köhnə estakadalar sökülüb, istismar olunan neft-qaz xətlərinin yeri dəyişdirilərək suyun altı ilə çəkilib. R. Abdullayev bu işlərin sürətləndirilməsi məqsədi ilə müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib. Sonra Neft Daşlarındakı qaz-lift quyularının qidalandırılması üçün quraşdırılmış separatorlara baxış keçirilib. Burada ARDNŞ prezidentinə məlumat verilib ki, Neft Daşlarındakı quyuların qaz-lift üsulu ilə daha səmərəli istismar olunması haqqında onun tapşırığına əməl edilib, bu məqsədlə mövcud separatorlardan istifadə etməklə tələb olunan əlavə qazın "Günəşli" yatağından nəql edilməsi məsələsi öz həllini tapıb. Yolüstü Sıxıcı Kompressor Stansiyasına baş çəkən ARDNŞ prezidentinə stansiyanın normal fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, alçaq təzyiqli qazın sıxılaraq, yüksək təzyiq altında sahilə ötürülməsində bu stansiyanın rolu böyükdür. Daha sonra ARDNŞ rəhbərliyinin nümayəndələri "Günəşli" yatağında hasil olunan lay sularının təmizlənərək utilizə edilməsi məqsədi ilə tikilən yeni qurğunun inşası ilə tanış olublar. Bildirilmişdir ki, "FL Smidth" şirkətinin istehsalı olan bu qurğu sutkada 3550 kubmetr lay suyunun neftdən və qumdan təmizlənərək 85 nömrəli meydançadan utilizasiya quyularına vurulması işini həyata keçirəcəkdir. Lay sularının təmizlənməsini ekoloji baxımdan yüksək qiymətləndirən R. Abdullayev qurğuda aparılan son tamamlama işlərinin ən qısa müddətdə başa çatdırılması üçün tapşırıqlar verilib. ARDNŞ rəhbərliyinin nümayəndələri Neft Daşlarındakı doqquzmərtəbəli yataqxana binasının əsaslı təmirdən sonra istifadəyə veriməsi mərasimində də iştirak ediblər. Rəmzi qırmızı lenti kəsərək yataqxana sakinləri qarşısında çıxış edən R. Abdullayev 156 otaqdan ibarət 316 çarpayılıq bu yataqxananın istifadəyə verilməsi ilə Neft Daşlarındakı yataqxana korpuslarında aparılan təmir işlərinin müvəffəqiyyətlə başa çatdırıldığını söyləmiş və bu münasibətlə dəniz neftçilərini təbrik edib. Şirkət rəhbəri və onu müşayiət edən şəxslər yataqxananın otaqlarını gəzərək burada növbə ilə işləyən neftçilərin istirahəti və asudə vaxtının təşkili üçün yaradılmış şəraitlə tanış olublar. Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə istehsalat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan R. Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəniz yataqlarının beynəlxalq standartlar səviyyəsində işlənilməsini Şirkətin fəaliyyətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu baxımdan "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarının böyük potensiala malik olduğunu söyləyən ARDNŞ prezidenti işin effektiv təşkili məsələlərini xüsusi vurğulayıb. "Neft Daşları" NQÇİ-nin rəisi Sərxan Babaşov 2011-ci ilin 5 ayı ərzində əldə olunmuş nəticələr haqda məruzə etdib. Məruzədə neft-qaz hasilatının sabit saxlanıldığı, plan və tapşırıqların vaxtında yerinə yetirildiyi qeyd edilib. Məruzədə göstərilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ARDNŞ-nin Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, Kapital Qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyev, "Azneft" İB-nin baş direktoru Daşqın İsgəndərov, ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi Rauf Vəliyev, Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətov, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxtrəddin İsmayılov, "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasov yeni özüllərin tikilməsi və genişləndirilməsi, hidrotexniki qurğuların yenilənməsi, dəniz akvatoriyasının təmizlənməsi və s. məsələlər üzərində ətraflı dayanaraq əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər haqda danışmışlar. Bildirilmişdir ki, NQÇİ-nin avtomobil parkının yenilənməsi, kran gəmiləri ilə təchizatı, ekoloji məsələlərin həlli məqsədi ilə görülən işlər öz bəhrəsini verib. Neft Daşlarının sosial problemlərinin əksər qisminin həll olunduğu, "Əks-osmos" qurğusunun normal fəaliyyət göstərdiyi, ilin sonunadək 12 quyunun qazılmasına imkan verəcək yeni özülün tikilib istismara buraxılacağı qeyd edilmişdir. Müşavirəyə yekun vuran ARDNŞ prezidenti Rövnəq Abdullayev tikintisi davam etdirilən Qaz Turbin Elektrik Stansiyasında işlərin sürətləndirilməsi, "28 May" NQÇİ üçün yeni Sıxıcı Kompressor Stansiyasının, "Neft Daşları" NQÇİ üçün isə yeni kompressor stansiyasının inşa olunması, hasilatın artırılması istiqamətində fəaliyyətin intensivləşdirilməsinə dair göstərişlər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə