Standarta uyğun olmayan qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb

Standarta uyğun olmayan qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsi, R.Allahverdiyev küç. 7/23 ünvanında qablaşdırılmış içməli su istehsal edən fiziki şəxs Rüxsarə Sultanovaya məxsus müəssisədə dövlət nəzarəti həyata keçiriblər.

Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəzarət tədbirləri nəticəsində müəyyən olunub ki, müəssisədə qablaşdırılmış içməli su standartın (AZS 282-2007) tələbləri pozularaq təsdiq olunmuş texnoloji sənəd olmadan istehsal olunur. Belə ki, müəssisənin qablaşdırılan içməli suyun mənbəyi, hazırlanması barədə məlumatları, suyun saxlama müddətini əks etdirən texnoloji sənədi mövcud deyil. Halbuki üzərində heç bir əsas olmadan suyun saxlama müddəti 1 il və suyun təbii süfrə suyu olduğu göstərilib. Bundan başqa müəssisənin sınaq laboratoriyasının olmadığı və içməli suyun ümumi sınaqlarının aparılmadığı müəyyən olunub.

Aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq inzibati protokol tərtib edilib və məhsulun satışına qadağa qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə