Nəqliyyat sahəsindəki növbəti sərgi 16-18 iyun tarixində keçiriləcək

Nəqliyyat sahəsindəki növbəti sərgi 16-18 iyun tarixində keçiriləcək

16-18 iyun tarixlərində keçiriləcək 10-cu yubiley beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi və 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda sərgi meneceri Orxan Əhmədov, "İteca Caspian" şirkətinin nümayəndəsi Bəhruz Hidayətzadə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Katiblik şöbəsinin müdiri Namiq Həsənov iştirak ediblər.

Tədbiri "İteca Caspian" şirkətinin nümayəndəsi Bəhruz Hidayətzadə açıb və bildirib ki, 16 iyunda açılacaq sərgi şirkətin yaz mövsümünü tamamlayacaq: \"Yaz mövsümündəki sərgilərə maraq xüsusilə çox böyükdür. İnanırıq ki, bu sərgi də digərlərindən geri qalmayacaq". Bundan başqa şirkət nümayəndəsi keçirilən sərgilərin ölkənin iqtisadi həyatında mühüm rol oynadığını və bu yöndə atılan addımların müsbət nəticə verdiyini deyib.

Ardınca çıxış edən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki bu sərgi digərlərindən fərqli bir sərgi olacaq. Onun sözlərinə görə, eyni zamanda iki sərgi bir vaxtda, bir məkanda baş tutacaq ki, bu da sərgiyə gələnləri nəqliyyat sahəsindəki görülən işlər barəsində tam məlumatlandırmağa kömək edəcək. Nazirlik nümayəndəsi eyni zamanda sərgiyə gəlmək istəyənlərin N.Nərimanov metrosundan "Baku Expo Centre" istiqamətində hərəkət edəcək avtobuslardan istifadə edə biləcəklərini, sərgi iştirakçılarının isə yeni istifadəyə buraxılmış taksilərin test-drive-ni (yoxlama sürüşündən) keçirə biləcəklərini də vurğulayıb.

Namiq Həsənov sərgidə Rusiyanın nəqliyyat nazirinin, MDB ölkələrinin nümayəndələrinin də iştirak edəcəklərini bildirib. Daha sonra N.Həsənov Azərbaycanda davam edən nəqliyyatın intellektual idarə olunması layihəsi haqda da danışıb: "Bu layihə noyabr ayına yekunlaşmalıdır. İşlərin belə gec qurtarmasının səbəbi bəzi yerlərdə yaranan kommunikasiya problemləridir. Bu layihənin dəyəri əvvəlcə 77 mln dollar hesablanmışdı. Amma işlərin geniş vüsət alması bu layihənin qiymətini 100 mln dollara qaldırdı".

Daha sonra sərgi meneceri Orxan Əhmədov sərgi haqda danışıb. Bildirib ki, sərginin ərazisi 60% artaraq 1700-1800 kvm olub. Bundan əlavə O.Əhmədov qeyd edib ki, sərgidə 9-a yaxın ölkədən 60 şirkət iştirak edəcək. Onun sözlərinə görə, ilk dəfə olaraq Bakı Metropoliteni də bu sərgidə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə