İTM may ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb- CƏDVƏL

İTM may ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb- CƏDVƏL

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, aparılmış statistik müşahidələrin nəticələrinə görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,75 faiz azalıb.

Onun sözlərinə görə, bu zaman ərzaq məhsulları 1,62 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,32 faiz, xidmətlər isə 0,18 faiz bahalaşıb: "Aprel ayına nisbətdə may ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,62 faiz, regionlarda isə 0,88 faiz azalıb. Bu azalma yalnız ərzaq məhsullarının qiymətində mövsümi amillər səbəbilə baş verən ucuzlaşma hesabına qeydə alınıb. Belə ki, may ayında ərzaq məhsulları Bakıda 1,30 faiz, regionlarda 1,93 faiz ucuzlaşıb.

Qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,23 faiz və 0,40 faiz, xidmətlər isə 0,09 faiz və 0,27 faiz bahalaşıb. Bu zaman ən çox yer xiyarı (52,40 faiz), baş soğan (42,19 faiz), ağ kələm (40,79 faiz), çiyələk (29,51 faiz) ucuzlaşıb. Ən çox bahalaşma isə qeyri-ərzaq məhsullarından kərpicdə (9,06 faiz), 750 əyarlı qızıl üzükdə (4,94 faiz) və parketdə (3,94 faiz) qeydə alınıb."

Mərkəz rəhbərinin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 14,65 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,11 faiz, regionlarda isə 11,25 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (25,05 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 3,35 faiz, xidmətlərdə isə 3,51 faiz olub: "Bu ilin beş ayında ölkədə istehlak qiymətləri 5,33 faiz, o cümlədən ərzaq məhsulları 8,53 faiz, qeyri-ərzaq məhsulları 1,06 faiz, xidmətlər isə 2,38 faiz yüksəlib."

Q.İbadoğlu daha sonra may ayı üzrə minimum istehlak səbətinin dəyəri barədə də jurnalistlərə məlumat verib: "Bildiyiniz kimi, Mərkəzimizin ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında hər ay minimum istehlak səbətinin dəyərini də hesablayırlar. Həmin hesablamalara əsasən, may ayında Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 161,95 manat, pensiyaçılar üçün 146,38 manat, 0-14 yaşlı uşaqlar üçünsə 202,21 manat təşkil edib.

Bu o deməkdir ki, hər iki valideynin işlədiyi və bir uşağı olan 3 nəfərlik ailənin minimum ehtiyacları qarşılaması üçün 526 manat gəliri olmalıdır. Bu, eyni zamanda o deməkdir ki, Azərbaycanda pensiyaların minimum məbləği 150 manatdan az olmamalıdır. Halbuki hazırda bu məbləğ 85 manata bərabərdir.

Minimum xərclərin tərkibində ərzaq xərcləri yenə ən böyük paya malikdir. Belə ki, hesablamalarımıza görə, ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 101,91 manat, pensiyaçılar 91,3 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 116,92 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,72 manat, pensiyaçılar üçün 32,44 manat, 0-14 yaşlı uşaqlar üçün 67,73 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladım ki, "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib."

Q.İbadoğlu Azərbaycanda qiymətlərin digər MDB ölkələri ilə müqayisədə kifayət qədər yüksək olduğunu deyib: "MDB Statsitika Komitəsinin məlumatına görə, bu ilin fevralında Bakıda 10 ədəd yumurta Moskva, Astana, Minsk, Bişkək və İrəvanda olduğundan az qala iki dəfə bahaya satılıb (Müvafiq cədvəl Press-relizə əlavə olunur – E.B.).

Bu gün Dövlət Statistika Komitəsi heyvandarlığın sürətli inkişafından, iri və xırdabuynuzlu mal-qaranın yüksək artımından xəbər verən məlumatlar açıqlayır. Lakin müqayisə edəndə görürük ki, sümüksüz mal ətinin 1 kq-nın Bakıdakı qiyməti 249,63 rubla bərabər olubsa, Moskva kimi dünyanın ən bahalı şəhərlərindən birində 235,20 rubl, Astanada 199,20 rubl, Minskdə 147,17, Bişkəkdə 166,95 rubl, İrəvanda isə 187,25 rubl təşkil edib. Bu nisbət təzə süd və toyu ətində də təxminən eynidir."

Jurnalistlərin suallarını cavablandıran Q.İbadoğlu mövsümi amilləlrlə əlaqədar iyun-iyul aylarında da ölkədə cüzi deflyasiya olacağını, payızda isə onun bir qədər sürətli inflyasiya ilə əvəz olunacağını gözlədiklərini bildirib: "Hesablamalar göstərir ki, Ümumilikdə, ilin yekununda Azərbaycanda 11-12 faiz civarında inflyasiya qeydə alınacaq. Beynəlxalq maliyyə və iqtisadi qurumları da 2011-ci ildə Azərbaycanda inflyasiyanın ikirəqəmli həddə olacağını proqnozlaşdırırlar."


Bir sıra ərzaq məhsulları üzrə bəzi MDB ölkələrinin paytaxtlarında

2011-ci il fevralın sonuna olan orta qiymət (Rusiya rublu ilə)

Məhsul

Qiymət/Rusiya rublu ilə

Bakı

Moskva

Astana

Minsk

Bişkək

İrəvan

Sümüksüz mal əti

249,63

235,20

199,20

147,17

166,95

187,25

Kərə yağı

231,25

317,63

207,57

206,31

211,24

259,70

Günəbaxan yağı

75,74

81,19

67,90

61,07

69,69

63,62

Təzə süd (1litr, yağlılıq 2-3 faiz)

59,56

39,04

31,67

18,57

26,09

27,78

Toyuq yumurtası (10 ədəd)

72,06

44,49

41,43

33,97

42,90

44,37

Şəkər-şəkər tozu

39,71

45,00

44,42

34,77

40,43

28,95

Buğda unu, əla növ

31,99

25,64

23,69

19,78

21,99

32,63

Əla növ buğda unundan makaron məmulatları

68,38

73,74

38,25

28,97

43,15

38,97

Kartof

36,76

41,79

30,28

23,23

18,64

25,43

Yerkökü

40,81

44,57

27,69

25,28

16,18

34,74

Mənbə: MDB Statistika Komitəsi


Bütün xəbərlər Facebook səhifəmizdə