Mərkəzi Bank KİV nümayəndələrinin maliyyə savadlılığının artırılmasına dair treninqlərə başlayır

Mərkəzi Bank KİV nümayəndələrinin maliyyə savadlılığının artırılmasına dair treninqlərə başlayır
Azərbaycan Respublikasının Mərkəzi Bankı qəbul etdiyi Kommunikasiya strategiyası çərçivəsində jurnalistlər üçün "Mərkəzi Bankçılıq" mövzusunda treninqlərə başlayır. İki ay davam edəcək treninqlərin keçirilməsinin əsas məqsədi jurnalistlərin iqtisadiyyat, maliyyə, bank işi sahəsində biliklərinin artırılmasına yardım etməkdir. On sessiyadan ibarət treninqlərdə media nümayəndələrinə pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında ətraflı məlumat veriləcək və hər treninqin sonunda sual-cavab sessiyası təşkil ediləcək. İlk treninqi giriş sözü ilə açan Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin İnkişaf departamentinin direktoru Asif Cahangirov iştirakçıları salamlayaraq qeyd edib ki, treninqdə Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatındakı rolu barədə məlumat verilməklə yanaşı KİV nümayəndələri başlıca makroiqtisadi və monetar terminlər, makroiqtisadi diaqnostika sistemi, pul siyasətinin məqsədləri və çərçivəsi, ödəniş sisteminin iqtisadi rolu, Mərkəzi Bankın kommunikasiya strategiyası haqqında da məlumatlar əldə etmək imkanı qazanacaqlar. Açılışda Kommunikasiya departamentinin direktoru Rüfət Abbasov da çıxış edərək bildirib ki, iqtisadi sahədə yazan jurnalistlərin bank-maliyyə işi barədə biliklərinin artırılması nəinki Mərkəzi Bank, ümumilikdə Azərbaycan iqtisadiyyatı haqqında materialların daha peşəkar hazırlanmasında media mənsublarına kömək edəcəkdir. Treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə