Gəncədə korporativ idarəetməyə dair seminar keçirilib - FOTO

Gəncədə korporativ idarəetməyə dair seminar keçirilib - FOTO

Gəncədə səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılması mövzusunda tədbir keçirilib. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəsmiləri ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri beynəlxalq təşkilatların rəsmiləri və 150-dən artıq müxtəlif səhmdar cəmiyyətlərin rəhbərləri iştirak edib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, seminarda əsas diqqət səhmdar cəmiyyətlərdə korporativ idarə etmənin və hesabatlıq sisteminin effektivliyinin artırılması məsələsinə yönəlib.

Bildirilib ki, komitə tərəfindən həyata keçirilən bu cür treninqlər, maarifləndirmə, məlumatlandırma konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı, regionlarda çalışan iş adamlarının fəaliyyətlərində korporativ idarə etmənin effektivliyini, maliyyə hesabatlarının qanunvericiliyin tələblərinə uyğun qurulmasına kömək edəcək.

Ümumilikdə seminarda korporativ idarəetmənin standartları, səhmdar cəmiyyətlərin hesabatlıq tələbləri, maliyyə sahəsində audit problemləri və bu səpkili mövzularda məruzələr dinlənilib.

Mütəxəssislərin fikrincə, belə seminarların təşkili sahibkarların maarifləndirilməsi baxımından olduqca önəm daşıyır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə