Fermer məhsulunu niyə birbaşa bazara çıxara bilmir? - AÇIQLANDI

Fermer məhsulunu niyə birbaşa bazara çıxara bilmir? - AÇIQLANDI

Kənd təsərrüfatı məhsullarının qiymətində fermerlə istehlakçı arasındakı vasitəçilərin rolu yenidən müzakirə mövzusuna çevrilib. Fermer məhsulunu birbaşa bazara çıxara bilmədikdə, məhsul daha aşağı qiymətə vasitəçiyə satılır, sonrakı mərhələlərdə isə istehlakçı üçün qiymət əhəmiyyətli dərəcədə yüksəlir. Bəs fermerin məhsulunu birbaşa satmasına hansı maneələr var və vasitəçilərin qiymət formalaşmasındakı rolu nə qədərdir?

Bu barədə SİA-ya Biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehraliyev danışıb.

O bildirib ki, kənd təsərrüfatı ilə məşğul olanların demək olar ki, hamısı bu sualın cavabını bilir. Fermerlər öz məhsullarını bazara çıxarıb birbaşa satsalar, onlar üçün daha sərfəli olar, nəinki məhsulu vasitəçiyə satmaq:

“Bu, təkcə fermerə deyil, ümumilikdə cəmiyyətə ziyan vurur. Vasitəçilər kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına birbaşa təsir edən amillərdən biridir. Düzdür, qiymət artımının başqa səbəbləri də var, amma bu məsələdə vasitəçilərin rolu da böyükdür.

Fermerin məhsulunu birbaşa bazara çıxarmasında əsas çətinlik nədir? Elə fermer var ki, maddi imkanı imkan vermir ki, özünə “KamAZ” və ya başqa nəqliyyat vasitəsi alsın, yetişdirdiyi məhsulu bazara aparsın. Əslində, məhsulu bazara çıxarıb satmaq mümkündür. Məsələn, “Meyvəli” bazarında yer götürüb məhsulunu ora aparmaq, satıcı qoyaraq satmaq olar.

Amma maşın və digər imkanlar baxımından çətinlik yaşayan fermerlər məhsullarını məcburən elə qapısının ağzında satırlar. Digər tərəfdən, bu sahədə müəyyən inhisarlaşma da var. Məsələn, bəzi meyvələrin “Meyvəli” bazarında satışını təşkil edən bir neçə şəxs və ya ölkə xaricində satışını həyata keçirən müəyyən qruplar mövcuddur. Hər bir fermer onlarla işləyə bilmir. Bəzən fermer sıxışdırılır və məhsulunu özü bazara çıxarıb satmasına imkan verilmir.

Vasitəçilər kənd təsərrüfatı məhsullarının həm satışına, həm də qiymətlərin sabit qalmasına mənfi təsir göstərirlər. Fermer, məsələn, 10 ton alma yetişdiribsə, onu bazara çıxarıb müəyyən qiymətə sata bilər. Amma vasitəçilər məhsulu fermerdən alıb soyuducu anbarlarda saxlayırlar. Sonra məhsulun yığım mövsümündə bazarda görünmədiyini müşahidə edirik.

Məsələn, gilas və albalı yığım vaxtında bazarda az olur, daha sonra isə yüksək qiymətə satışa çıxarılır. Məhsul vaxtında bazara çıxarılmadığı üçün qiymətlər dəfələrlə artır.

Vasitəçilərin təsirinin azaldılması və fermerin məhsulunu birbaşa bazara çıxarması üçün dövlət daha fəal rol oynamalıdır. Dövlət fermerə şərait yaratmalı, onun yanında olmalıdır. Fermer məhsulunu sata bilmirsə, ona alternativ imkanlar təqdim edilməlidir: emal məntəqələri, satış mərkəzləri və digər mexanizmlər yaradılmalıdır.

Əvvəllər məhsulların kəndlərdən ümumi şəkildə tədarük edilməsi kimi mexanizmlər mövcud idi. Bu təcrübənin müasir formada tətbiqi də mümkündür.

Bizim qonşu ölkələrdə dövlətin fermerlərə dəstək verdiyi və onların məhsullarının satışına şərait yaratdığı nümunələr var. Fermerin məhsulu zay olmamalıdır. Bunun üçün dövlət fermerin arxasında dayanmalı və onun məhsulunu bazara çıxarmasına real imkan yaratmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə