"Vergi yükü yalnız iqtisadi məsələ deyil" - AYDINLIQ GƏTİRİLDİ

"Vergi yükü yalnız iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. Dünyanın demokratik ölkələrində siyasi partiyaların əsasən vergi məsələsinə görə fraksiyalara bölünməsi təsadüfi deyil. Çünki vergi həm iqtisadiyyata, həm də insanların gündəlik həyatına birbaşa təsir göstərir. Əhalinin gəlirləri, istehlak imkanları və rifah səviyyəsi vergi siyasətindən asılıdır. Ona görə də vergi yalnız dövlətin gəlir toplama aləti deyil, həm də sosial ədalətin və siyasi münasibətlərin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bir sıra vergi növləri mövcuddur və onların təsiri əhali və şirkətlər üçün müxtəlif olur: " Şirkətlər gəlir vergisi ödədiklərinə görə, onların məhsullarının maya dəyəri artır. Bu isə nəticədə məhsulların rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır. Gömrük rüsumları da mühüm rol oynayır. Əgər şirkət bu rüsumları ödəyərək xammal idxal edirsə, maya dəyəri bir daha artır. Bununla belə, idxal mallarına tətbiq olunan rüsumlar yerli istehsalçıların rəqabət qabiliyyətini artırır. Beləliklə, idxalçı əlavə xərc ödədiyi halda, yerli istehsalçı bazarda müəyyən üstünlük qazanır.

Digər mühüm məsələ satış vergisidir. Satış vergisi birbaşa malların qiymətinə təsir edir, nəticədə əhalinin istehlak imkanlarını azaldır. Bu, rifah səviyyəsinə mənfi təsir göstərir. Əslində isə bütün bu vergilərin məqsədi yalnız gəlir toplamaq deyil, həm də toplanan vəsaitin şəffaf və səmərəli xərclənməsini təmin etməkdir. Əgər vergilər infrastrukturun yaxşılaşdırılması, sosial dəstək proqramları, təhsil və səhiyyənin inkişafına yönəldilərsə, əhalinin rifahı yüksələ bilər. Təəssüf ki, Azərbaycanda dövlət sektorunda şəffaf və effektiv maliyyə idarəçiliyi tam təmin olunmayıb. Nazirliklərdə, dövlət şirkətlərində ciddi çatışmazlıqlar mövcuddur və bu da vergi ödəyicilərinin inamına zərər vurur.

Vergi anlayışı tarixi baxımdan da çox qədimdir. Keçmişdə imperiyaların sərhədləri onların haraya qədər vergi toplaya bildiklərinə görə müəyyən olunurdu. Yəni vergi dövlətçiliyin əsas atributlarından biri olub və indi də bu funksiyasını davam etdirir. Əsas məsələ vergilərin necə və hara xərclənməsidir. Demokratik ölkələrdə vergi siyasəti siyasi ideologiyaların ayrıcı xəttinə çevrilib. Sol partiyalar daha çox vergi, daha çox bərabərlik və gəlirlərin yenidən bölüşdürülməsinin tərəfdarıdır. Sağ partiyalar isə əksinə, vergilərin azaldılması, dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdırılmasını dəstəkləyir.

Azərbaycanın vergi sistemi digər ölkələrin təcrübəsindən bəhrələnsə də, hələ də ciddi çatışmazlıqlar qalmaqdadır. Vergi sistemi bütün subyektlər üçün bərabər tətbiq olunmalı və iqtisadi inkişafa dəstək verməlidir. Həm də sosial ədalət prinsipinə uyğun qurulmalı, proqressiv – yəni artan dərəcəli – olmalıdır. Əgər yüksək gəlirli şəxslər daha çox, aşağı gəlirli şəxslər isə daha az vergi ödəyirsə, bu həm ədaləti, həm də iqtisadi balansı təmin edir. Azərbaycanda gələn ildən (2026-cı ildən) yeni gəlir vergisi sistemi tətbiq ediləcək. Uzun müddət ərzində bəzi sektorlarda gəlir vergisi tutulmurdu, bu isə vergi sisteminin iqtisadi mahiyyətini zəiflədir, yalnız müəyyən dövlət və nəğd sektorlarla məhdudlaşdırırdı. Halbuki gəlir vergisi bütün sahələrdə tətbiq olunmalı və sistem proqressiv xarakter daşımalıdır.

Vergi xidmətinin İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərməsi isə əlavə problem yaradır. Çünki nazirlik sahibkarların maraqlarını qoruyan və iqtisadi artımı təşviq edən bir qurum olmalıdır. Vergi xidməti isə əsasən yığım və nəzarət funksiyası daşıyır. Bu iki istiqamət mahiyyətcə zidd olduğundan maraq konflikti yaranır. Nəticədə həm sahibkarların hüquqları müdafiəsiz qalır, həm də vergi siyasəti optimal şəkildə tənzimlənmir. Demokratik ölkələrdə bu balans ayrı qurumlar vasitəsilə qorunur.

Azərbaycanda vergilər əsasən mənbədə tutulur. Yəni vətəndaş öz gəlirindən vergini birbaşa özü ödəmədiyinə görə, vergi orqanları qarşısında məsuliyyət hiss etmir. Halbuki ABŞ kimi ölkələrdə vətəndaş gəlir əldə etdikdən sonra vergini özü hesablayıb ödəyir və bu səbəbdən dövlətdən şəffaflıq və hesabatlılıq tələb edir. Bizdə isə bu sistem mərkəzləşdirilmiş şəkildə aparılır və yerli səviyyədə qərarların verilməsinə imkan verilmir. Əmlak vergisi və satış vergisi kimi bəzi mexanizmlər praktiki olaraq tətbiq olunsa və yerli büdcələr formalaşdırılsa, insanların ehtiyaclarına uyğun xərcləmələr mümkün olardı. Bu isə uzunmüddətli perspektivdə iqtisadi səmərəliliyi artırardı.

Vergi məcəlləsinin pozulması halları isə daha ciddi problemdir. Yüksək gəlirli şəxslərin həyat sığortası sistemi adı altında vergidən azad edilməsi açıq-aşkar sosial ədaləti pozur. Vergi məcəlləsi Konstitusiyadan sonra ən yüksək hüquqi sənəd olsa da, bəzi qurumların daxili qaydaları ilə üstələnir. Bu isə verginin sosial funksiyasını – gəlirlərin yenidən bölüşdürülməsini – tamamilə zədələyir. Nəticədə həm sosial ədalət prinsipi, həm də dövlət büdcəsi itkilərə məruz qalır.

Mərkəzi Bankın bu mexanizmi genişləndirmək niyyəti isə vəziyyəti daha da ağırlaşdırır. Strateji sənəd adlanan sənədlərdə problemlərin həlli yolları göstərilməlidir. Amma burada nəinki problemlər həll edilmir, əksinə, yeni problemlər yaradılır və dar qrupların maraqları təmin edilir. Əgər belə davam edərsə, vergi sistemi nə sosial ədalət prinsiplərinə, nə də iqtisadi səmərəlilik tələblərinə cavab verə biləcək. Beləliklə, Azərbaycanın qarşısında duran əsas vəzifə – vergi sistemini şəffaf, ədalətli, proqressiv və effektiv mexanizmə çevirməkdir. Bu, yalnız iqtisadi inkişafın deyil, həm də siyasi sabitliyin və sosial rifahın təminatıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə