“Ölkəmizdə yaşıl enerjinin istehsalı sahəsində böyük imkanlar və resurslar var“ - KOMİTƏ ÜZVÜ ŞƏRH ETDİ
“Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal çağırışdır. İqlim dəyişiklikləri dünyada qlobal istiləşmə, quraqlıq, təbii fəlakətlər, sənaye tullantılarının təbiət üçün törətdiyi fəsadlar və digər xoşagəlməz hallarla özünü göstərir. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, COP29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan bu çağırışa qoşulan ölkələr sırasındadır: “Azərbaycan dövləti ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində müvafiq qanunlar qəbul edib, dövlət proqramları təsdiq edilib, dövlət başçısı tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. Görülən işlər nəticəsində ekologiyamızın, təbiətin və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Ölkəmizdə yaşıl enerjinin istehsalı sahəsində böyük imkanlar və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə önəmli müqavilələr bağlanılıb. Bu müqavilələr gələcək hədəflərə hesablanıb. Belə ki, qonşu ölkələrin və Avropa dövlətlərinin yaşıl enerji ilə təmin olunması üçün böyük layihələr işlənilir. İşğaldan azad olunmuş ərazilərimiz Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilib və bütün infrastruktur layihələri yaşıl enerji meyarı əsasında qurulur ki, sonra bütün ölkə ərazisinə şamil ediləcək.
Millət vəkili hesab edir ki, məsələnin aktuallığını və miqyasını nəzərə alaraq təhsil müəssisələrimizdə ekologiyanın və ətraf mühitin qorunması mövzusunda dərslər keçirilməlidir: “Hesab edirəm ki, məktəblərdə ekoloji təhsilin tətbiqinə başlanılmalıdır. Yəni, gənc nəsli ətraf mühitə və planetin təbii resurslarına qarşı məsuliyyətli olmağa hazırlamaq üçün məktəb kurikulumlarına ekologiya və davamlı inkişaf üzrə hərtərəfli kurslar daxil edilə bilər. Xüsusilə, məktəb kurikulumlarına bu istiqamətdə yeni proqramların daxil edilməsi zəruridir. Bununla əlaqədar tədris materiallarının işlənib hazırlanması vacibdir. Eyni zamanda, ekologiyanın əsaslarının, davamlı inkişaf prinsiplərinin tədrisini özündə əks etdirən tədris vəsaitlərinin, proqramların, habelə təbiətin mühafizəsi üzrə praktiki tapşırıqların və layihələrin yaradılması yaxşı olardı. Bu məsələdə müəllim hazırlığı da çox önəmlidir. Çünki bu istiqamətdə tədris olarsa, onun materiallarını uğurla tətbiq edə bilmələri üçün müəllimlər üçün ekoloji maarifləndirmə üzrə təlim və seminarlar keçirilməlidir”.
“Ümumiyyətlə, ətraf mühitə mənfi təsirləri azaltmaq məqsədilə müsbət nəticələr əldə etməyin yeganə yolu təhlükəsiz və möhkəm gələcəyi təmin etmək üçün hər bir ölkənin cəhdlərinin birləşdirilməsidir. Bu planetdəki heç bir ölkə təkbaşına fəaliyyət göstərə bilməyəcək. Biz regional fəaliyyətin inkişafına gətirib çıxara biləcək hər bir imkandan istifadə etməliyik. Bu mənada hesab edirəm ki, COP29 ölkəmizdə yüksək səviyyədə keçiriləcək və “yaşıl enerji” siyasətimizin dünya ictimaiyyətinə təqdimatı baxımından da çox önəmli beynəlxalq platforma olacaq”,-deyə Fatma Yıldırım vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB