“Azərbaycan regional inteqrasiyaya töhfə verən ölkələrdəndir" - ŞƏRH EDİLDİ

“Azərbaycan regional inteqrasiyaya töhfə verən ölkələrdəndir. Bir tərəfdən Cənubi Qafqazda iqtisadiyyatın inkişaf etməsinə Azərbaycan öz dəstəyini göstərir, digər tərəfdən isə Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında bir körpüdür. Bu da təbii ki, Azərbaycanın regional rolunu göstərən faktorlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Orta Dəhlizin reallaşması və bu istiqamətdə aparılan işlər Azərbaycan, bütövlükdə region üçün beynəlxalq yükdaşımalardan daha çox gəlirin əldə edilməsinə imkan yaradır: “Nəzərə almalıyıq ki, həm Azərbaycan, həm də region üzərindən daşınan yüklərin həcmində artımlar var. Yalnız 2023-cü ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Bunun əsas səbəblərindən biri məhz Orta Dəhlizin genişlənməsidir.

Orta Dəhlizin genişlənməsi nəticə etibarı ilə daha çox yüklərin Azərbaycan və region üzərindən daşınmasına imkan yaradır. Bu baxımdan bu istiqamətdə birmənalı şəkildə inteqrasiyanın dəstəklənməsi və daha çox yüklərin Azərbaycan və region üzərindən daşınması siyasəti davam etdiriləcək. Nəticədə bu həm də Azərbaycanın regional məsələlərdə öz mövqeyini və gücünü göstərən faktorlardan biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə