“Ən ciddi ekoloji problem əhalinin durmadan artmasıdır” - EKOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İqlim dəyişiklikləri ilə bağlı qlobal problemlər mövcuddur. Dünyada ən mühüm problemlərdən biri və ekoloji problemlərə də yol açan məsələ məhz insan sıxlığı, əhalinin durmadan artmasıdır. Sözügedən istiqamətdə ən ciddi məsələlərdən biri də su problemidir. Hazırda suyun miqdarı dəyişilməz qalsa da, yəni yağıntı ilə mümkün buxarlanmanın balansında fərq olmasa da hər bir halda əhalinin artmı bu məsələdə də problem yaradır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, ən optimal variantda anadan olan hər bir uşaq sutka ərzində 250 litr su işlədir: “Bu rəqəmi milyardlara vurduqda isə çox böyük nəticə verir. Buna görə də sudan daha səmərəli istifadə etmək vacib şərtdir. Digər tərəfdən bəzi ölkələrdəki zəif quraqlıqlar indi kəskin hal alıb. Burada isə qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var. Əlverişli yaşıl enerji hər yerdə özünü doğrulda bilmir. Bəzi yerlərdə su çatışmazlığı, külək və s. kimi problemlər buna imkan vermir. Azərbaycan ərazisində enerji ehtiyyatlarından daha çox istifadə etmək lazımdır. Ölkəmizin 35 faiz ərazizi yarımsəhra və quru çöldür. Bu ərazilərdə mütləq Günəş enerjisindən istifadə etmək vacibdir.

Kür və Araz çaylarında da bizim nəhəng enerji potensialımız var. İşğaldan azad edilmiş ərazilərimizin enerji potensialının yenidən qaytarılması istiqamətində işlər görülür. Ümumilikdə Kür və Araz üzərindəki su anbarlarının illik ehtiyyatı 34 milyard tondan artıqdır. Həmin ərazidə texnika yenilənməlidir ki, suyun israfının qarşısı alınsın.

Bakı küləkli şəhərdir və ilin 100-130 günü güclü külək olur. Bu ərazidən Kür çayına qədər külək enerjisindən istifadə edilərsə, kifayət qədər qazanc əldə edərik. Bu da xeyli dərəcədə yaşıl enerjidən istifadə deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə