“Ötən 30 il Azərbaycanın enerji sektorunda unudulmaz hadisələrlə zəngin olub” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Xəzər neft və qaz sərgisindən keçən 30 il Azərbaycanın enerji sektorunda unudulmaz hadisələrlə zəngin olub. Məhz bundan bir neçə il sonra 1994-cü il sentyabrın 20-də “Əsrin Müqaviləsi” imzalanmış və bu da ölkənin neft-qaz sənayesində mühüm rol oynamışdır. Dünyada tanınmış neft şirkətləri ilə imzalanmış müqavilələr ölkəmizi etibarlı tərəfdaş kimi tanıtdırmış və qaz təchizatımızın coğrafiyasını xeyli genişləndirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə üzləşən ölkələr Azərbaycanın timsalında öz etibarlı tərəfdaşını tapmış və əlaqələrin möhkəmləndirilməsinə böyük önəm vermişdir: “Azərbaycan Prezidenti İlham Əliyev enerji təhlükəsizliyimizi milli təhlükəsizliyimizin ayrılmaz hissəsi kimi qiymətləndirir və Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərin açılış mərasimi zamanı çıxışında bildirib ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Bu müqavilələrin hamısı parlament tərəfindən ratifikasiya olunub və qanuni şəkildə imzalanıb. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpa olunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
“Azərbaycanda külək və günəş enerji stansiyalarının tikintisinin sürətləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda hidrotexniki stansiya tədbirlərinin genişləndirilməsi gələcək uğurlu nəticələrdən xəbər verir. Bu da ölkə iqtisadiyyatının inkişafı və insanların rifahının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir. Bu amillər Azərbaycanın dövlət başçısının siyasi xəttinin əsasını təşkil edir və beynəlxalq əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır”,- deyə millət vəkili əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB