“İranda prezident vəzifəsinin mahiyyətini doğru başa düşmək lazımdır“ - DEPUTAT RƏY BİLDİRDİ

“İranda prezident vəzifəsinin mahiyyətini doğru başa düşmək lazımdır“ - DEPUTAT RƏY BİLDİRDİ

“Mərhum Seyid İbrahim Rəisinin 19 may 2024-cü ildə vertolyot qəzası nəticəsində dünyasını dəyişməsinin ardından İran özünün 9-cu prezidentini seçməyə hazırlaşır. Bildiyiniz kimi, ötən gün saat 18:00-da bu ölkədə prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatıb. Aralarında İranda və bütövlükdə coğrafiyamızda kifayət qədər tanınan və nüfuza malik şəxslərin də olduğu 90-a yaxın insanın seçki marafonuna maraq göstərməsi prosesin kifayət qədər ağır keçəcəyini deməyə əsas verir. Düzdür, müraciət edənlərin heç də hamısı prezidentliyə namizəd kimi qeydə alınmayacaq. İran qanunvericiliyinə görə İran İslam Dövlətinin Konstitusiyanın Keşikçiləri Şurası bütün namizədlərin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini tək-tək araşdırır və yaxın bir həftə ərzində yekun rəy verəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Seçkilərdən gözləntilərə gəlincə isə deputat bildirib ki, İranda prezident vəzifəsinin mahiyyətini doğru başa düşmək lazımdır: “İran prezidentləri əslində dövlətə yox, hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Dövlətin siyasi və iqtisadi kursunda önəmli rol oynasa da İran prezidenti bu kursda köklü dəyişiklik etmək iqtidarında deyil və bir qayda olaraq Ali Rəhbərin iradəsi çərçivəsindən çıxa bilmir. Bu mənada yeni prezident maksimum Həsən Ruhani qədər islahatçı, yaxud mərhum Rəisi qədər mühafizəkar ola bilər. Köklü dəyişikliklər, yaxud İranın tam mənada kurs dəyişimi söhbət mövzusu deyil”.

“Əlbəttə, qonşu olaraq biz də İranda siyasi prosesləri izləyirik, hər şeyin İran xalqının iradəsi və rifahı naminə inkişafını arzu edirik. Bildiyimiz kimi, İranla münasibətlərimizdə müəyyən gərginliklər müşahidə olunmuşdu, lakin bu ilin may ayının 19-da baş tutmuş təmaslar Bakı və Tehran arasında yeni uğurlu start hesab oluna bilər. Düzdür, bəzi dairələr İran Prezidentinin faciəli vəfatı fonunda Bakı və Tehran arasında əlaqələri və əldə olunan razılıqların gələcəyini şübhə altına almağa cəhd göstərir. Lakin unudulmamalıdır ki, mərhum Rəisinin bəyanatları özünün şəxsi fikri yox, İran dövlətinin rəsmi mövqeyi idi və İran Prezidentinin həyatdan getməsi, yeni prezidentin seçilməsi Tehranın siyasi kursunun qeyd etdiyimiz kimi, dəyişməsinə səbəb ola bilməz. Ortada əlaqələrimizin daha da dərinləşməsi üçün ciddi siyasi iradə var. İran Azərbaycanın artan önəmini yaxşı başa düşür və obyektiv, hətta subyektiv məqamlara diqqət etdikdə də aydın görünür ki, Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə