"Büdcədə dürüştləşmənin edilməsi yeni layihələrin reallaşmasına imkan yaradacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Büdcədə dürüştləşmənin edilməsi yeni layihələrin reallaşmasına imkan yaradacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“2024-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə prioritet istiqamətlərə daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Belə ki işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurması prioritet olduğu üçün bu istiqamət üzrə dövlət büdcəsindən nəzərdə tutulandan daha çox vəsait ayrılacaq. Nəzərə alsaq ki iqtisadi fəaliyyət üzrə mövcud büdcə layihəsində 7 milyard 788 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur, amma dəyişikliklərdən sonra bu məbləğ 9 milyard 902 milyon manata qədər artırılacaq. Təbii ki, bu daha çox işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına xərclənəcək. Bu o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurma prosesi 2024-cü ilin növbəti aylarında da intensiv şəkildə həyata keçiriləcək. İlin sonunadək təxminən 25 min vətəndaşımızın Qarabağ və Şərqi Zəngəzura qayıdışı həyata keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bundan əlavə müdafiə və milli təhlükəsizliyimizin gücləndirilməsi prioritetdir və bu istiqamətdə ayrılan vəsaitlərin həcmində artım var: “Belə ki 6 milyard 421 milyon vəsaitin ayrılması nəzərdə tutulsa da, 7 milyard 126 milyon manat vəsait ayrılacaq. Bu isə o deməkdir ki, milli təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılması üçün əlavə olaraq 705 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Digər vacib istiqamətlərdən biri də kənd təsərrüfatıdır ki, bu sahəyə də ayrılan vəsaitin artırılması nəzərdə tutulub. Beləki kənd təsərrüfatı üzrə təsdiq olunmuş xərclər 1 milyard 102 milyon manatdır. Bu istiqamətdə əlavə 100 milyon manat vəsait ayrılacaq. Bu da fermerlərin, kənd təsərrüfatı sahəsində çalışanların daha yaxından dəstəklənməsinə, xərclərinin bir hissəsinin kompensasiya edilməsinə, sosial təminatın gücləndirilməsinə imkan yaradacaq”.

Deputat vurğulayıb ki, əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər noyabrın 1-dək təqdim olunacaq: “Bununla bağlı müzakirələr həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə də dəyişikliklər edilib. Bu istiqamətdə əlavə olaraq 30 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, onun da 25 milyon manatı pensiya təminatı üçün xərclənəcək. Sözsüz ki, bu istiqamətdə artımlar və yeni sosial qərarlar barədə ƏƏSMN tərəfindən noyabrın 1-dək təkliflərin hazırlanması və müvafiq dövlət qurumlarına təqdim olunması gözlənilir. Ümumilikdə dövlət büdcəsinə edilən dürüstləşmə daha çox prioritet istiqamətlərə vəsaitin ayrılmasına imkan verəcək ki, bu da fiskal gücümüzün daha da artmasına, ölkənin xüsusilə iqtisadi sferada, o cümlədən digər istiqamətlərdə yeni layihələrin reallaşmasına imkan yaradacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə