Qeyri-neft sektorunun əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı, daha da inkişaf etdirilməsi bu gün dövlətimizin diqqət mərkəzindədir. Ərzaq təhlükəsizliyi məsələsinin qlobal miqyasda mühüm və aktual mövzulardan birinə çevrildiyi zamanda ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət bu sahədə əsaslı nailiyyətlərin əldə olunmasını şərtləndirir. İstər ərzaq təhlükəsizliyinin təmin edilməsi, istər ekoloji təmiz məhsulların yetişdirilməsi, istərsə də məşğulluq səviyyəsinin artırılması və bununla da rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə dövlətimiz tərəfindən kənd təsərrüfatının inkişafı üçün fermerlərə göstərilən dəstək, verilən subsidiyalar fermerlərin, sahibkarların bu sahəyə marağını daha da artırır və məhz dövlətin qayğısı, diqqəti sayəsində əkin işləri ildən-ilə daha yüksək səviyyədə aparılır və əkin sahələri də genişləndirilir. Bütün bunlar isə, təbii ki, yüksək məhsuldarlıq üçün əsaslı zəmin yaradılması deməkdir.
Uğurlu aqrar siyasət yüksək nailiyyətlərin əldə olunmasını şərtləndirir
Ərzaq təhlükəsizliyinin təminatı üçün aqrar elmin qarşısında duran əsas məsələ əkin sahələrindən daha yüksək keyfiyyətli, daha çox məhsul almaqdan ibarətdir və bunun üçün də ilk növbədə əkin sahələrinə qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdəndir. Eyni zamanda, yüksək məhsuldarlığa nail olmaq üçün suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması lazım gəlir. Ümumiyyətlə, məhsuldarlığın artırılması üçün aqrotexniki işlərin aparılması, özü də tam zamanında həmin işlərin görülməsi tələb olunur. Bu baxımdan da əkin işlərinə başlanılması da, aqrotexniki qulluq da tam zamanında həyata keçirilməlidir və bundan sonra yüksək məhsuldarlığa, yüksək keyfiyyətli məhsul alınmasına ümid etməyə dəyər.

Əkin sahələrinə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır. Sahələrdən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Torpağin tipindən, sələf bitkidən, torpağın gübrələmə dərəcəsindən və sair amillərdən asılı olaraq əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Bütün gübrələr sahəyə bərabər surətdə səpilməlidir. Gübrələr əsasən şum qatının altına verilməlidir. Çünki bu qat üst qata nisbətən həmişə rütubətli olduğundan bitkilərin gübrəni mənimsəməsi üçün şərait yaradır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəki hesabı ilə hektara 350-400 kq fosfor gübrəsinin verilməsi olduqca vacibdir. Sortların qida maddələrinə yüksək dərəcədə təlabkar olduğunu nəzərə alaraq gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq, hər hektara fiziki çəkidə 250-300 kq ammonium şorası, yaxud 200 kiloqrama qədər karbamid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir.
Məhsuldarlığın artırılmasında əkin sahələrinin genişləndirilməsi önəmli rol oynayır

Sözsüz ki, daha çox məhsul əldə edilməsində əkin sahələrinin genişləndirilməsi ən önəmli rol oynayır. Azərbaycanın Qarabağ iqtisadi rayonunun işğaldan azad edilməsi bu baxımdan geniş imkanlar yaradır. Əlbəttə ki, işğaldan azad olunan ərazilərin məhz əkin sahələrinin genişləndirilməsi üçün istifadəsi olduqca əhəmiyyətlidir. Lakin həmin ərazilərin ermənilər tərəfindən minalanması işğaldan azad olunan torpaqların istifadəsinə əngəl törədir. Bununla belə minalanmış ərazilərimiz mütəmadi olaraq minalardan təmizlənir və əkinə yararlı sahələr istifadəyə verilir. Diqqətə çatdıraq ki, ötən ilin sonuna qədər Minatəmizləmə Agentliyi olan ANAMA tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənibdir. Hətta 27 783 hektar sahənin təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunubdur. Onu da qeyd edək ki, bu istiqamətdə proses intensiv şəkildə davam etirilir. Məhz bu proseslər sayəsində təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə, 2020-2021-ci təsərrüfat ilində 10 min hektar, 2021-2022-ci təsərrüfat ilində 50 min hektar, 2022-2023-cü təsərrüfat ilində isə 72 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Amma nəzərə çatdıraq ki, bu, potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Belə məlum olur ki, 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən, yəni mina təhlükəsi səbəbindən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib, lakin həmin ərazilərin də təmizlənərək, yararlı hala salınaraq, respublikamızın əkin dövriyyəsinə cəlb olunması nəzərdə tutulubdur.
Statistik göstəricilər məhsuldarlığın ilbəil artmasından xəbər verir

Əkin işləri və məhsuldarlıqla əlaqədar məsələlərlə bağlı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev öz fikirlərini SİA-ya açıqlaması zamanı diqqətə çatdırıb və bəzi statistik məlumatları bizimlə bölüşüb. Komitə sədri qeyd edib ki, 2024-cü ilin məhsulu üçün 1155,1 min hektar sahədə dən üçün payızlıq bitgilər səpilib və həmin sahənin 598,3 min hektarına buğda, 417,1 min hektarına isə arpa səpini həyata keçirilib. Millət vəkili eyni zamanda onu da diqqətə çatdırıb ki, bu ilin, 2024-cü ilin yanvar ayında 70 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub və bu da ondan xəbər verir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12,1 faiz artıb. Komitə sədri həmçinin vurğulayıb ki, təkcə bu ilin yanvar ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 58 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib və cari ilin, 2024-cü ilin birinci ayı ərzində kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 7,3 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı məsələyə toxunan Tahir Rzayev xatırladıb ki, ötən il, 2023-cü il işğaldan azad olunmuş ərazilərdə 80 min hektardan artıq torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirilib. O, qeyd edib ki, bu ərazilərin də əksəriyyəti, daha dəqiq desək, 72 min hekatarı buğda, arpa, qarğıdalı olmaqla, dənli bitgilərin yetişdirilməsi üçün istifadə edilib. Millət vəkili nəzərə çatdırıb ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqaisədə 3 faiz artıb. Komitə sədri həmçinin onu da diqqətə çatdırıb ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 12210,6 milyon manat təşkil edib ki, bunun da 48,6 faisi, 5933,9 milyon manatı bitgiçilik sahəsinin payına düşür və ümumiyyətlə, ötən ilin, 2023-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,5 faiz təşkil edib.
Əkinə hazırlıq işlərində torpağın mülkiyyətmiləri olan sahibkarlar özləri maraqlı olmalıdırlar

“Əkinə hazırlıq dövlətlə yanaşı, sahibkarların özlərindən çox asılıdır, çünki artıq sahibkarlar torpaqların mülkiyyətçiləridir və onlar bilavasitə əkinə hazırlıq tədbirlərində özləri maraqlı olmalıdırlar və buna ciddi hazrlaşmalıdırlar. Əlbəttə ki, müvafiq orqanlar da bu sahədə öz tədbirlərini görürlər. Demək olar ki, hər il əkin tədbirləri vaxtında və optimal müddətdə həyata keçirilir və bu da əlbəttə ki, məhsuldarlığın artırılması, bitgilərin normal inkişafı üçün çox vacibdir. Əgər əkin vaxtında aparılırsa, gələcək bol məhsldan danışmaq olar”, deyə fikirlərini bizimlə bölüşən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev əkinə hazırlıq işlərinin məhz torpağın mülkiyyətmiləri olan sahibkarlardan daha çox asılı olduğunu xüsusilə vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, əlbəttə, bu il də hər il olduğu kimi, bölgələrdə işlər vaxtında həyata keçiriləcək və şübhəsiz ki, müəyyən kənd təsərrüfatı bitgilərinin əkilməsi hər bir regionda öz təbii şəraitinə uyğun olaraq, vaxtında həyat keçirməlidir.
Kənd təsərrüfatının inkişafı sahibkarlardan yüksək təşkilatçılıq, məsuliyyət tələb edir
“Sözsüz ki, əkin sahələrinin əhatəsi çox genişdir, çünki hər il respublika üzrə 100 min hektara yaxın sahədə elə pambıq əkilir və bu da ölkənin iqtisadiyyatı üçün vacib olan bir məhsuldur. Ona görə ki, bu, valyuta gətirən, həm də uzun müddətli saxlanılan və istifadə edilən məhsuldur. On minlərlə hektarda kənd təsərrüfatı məhsulları, bostan, tərəvəz məhsulları yetişdiriləcək ki, bunun da əkilməsi hava şəraitindən, digər tərəfdən də regionlardakı mövcud vəziyyətdən çox asılıdır. Bəzi regionlar var ki, orada növbəli əkin sistemi tətbiq olunur. Bu əlbəttə ki, çox vacibdir. Digər tərəfdən, həmin ərazilərdə elə olur ki, bir ildə eyni məhsulu iki dəfə əldə etmək mümkün olur. Heç şübhəsiz ki, bu da sahibkarın özünün təcrübəsindən, onun işə münasibətindən asılıdır və bu gün ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət var və Azərbaycan sahibkarı ildən-ilə inkişaf etməkdə, təcrübə qazanmaqda, nailiyyətlərini artırmaqdadır.

Azərbaycanın Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı üçün güclü, böyük potensiala malikdir, çünki bu rayonların əksəriyyətində əvvəllər, işğaldan əvvəl, sovetlər dövründə yüksək məhsuldarlıq əldə olunub. Həmin ərazilərdə pambıq, üzüm, taxıl və digər kənd təsərrüfatı birgiləri əkilib və bu da ölkənin kənd təsərrüfarına xeyli dərəcədə dəstək olub. Sözsüz ki, həmin ərazilər minalardan təmizlənildikdən sonra orada yenidən region üçün xarakterik olan və yüksək məhsul verən kənd təsərrüfatı bitgilərinin əkilməsi nəzərdə tutulur.
Heç şübhəsiz ki, kənd təsərrüfatının inkişafı bu gün dövlətdən çox sahibkarlardan yüksək təşkilatçılıq, məsuliyyət tələb edir. Dövr müasirliyi, yeni və qabaqcıl təcrübəni tətbiq etməyi, yeni texnologiyalara yiyələnməyi, kadr hazırlığını, qabaqcıl təcrübənin öyrənilməsini, toxumçuluq təsərrüfatlarının yaradılmasını, inkişafını, heyvanların cinsinin yaxşılaşdırılmasını və kənd təsərrüfatında marifləndirmənin genişləndirilməsini qarşıya bir məqsəd kimi qoyur. Sözsüz ki, bu tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının inkişafı üçün çox vacibdir. Çünki ölkənin su ehtiyatları müəyyən dövrlərdə problemlər yaradır. Ona görə ki, bu ehtiyatların 70 faizi xarici amillərlə bağlıdır və kənardan formalaşır. Belə olan halda, istər sudan, istər texnikadan, istərsə də digər resurslardan qənaətlə, səmərəli şəkildə və müasir üsulların tətbiq olunması ilə istifadə etmək çox vacibdir. Cənab Prezident İlham Əliyev özünün keçirdiyi və regionlarda kənd təsərrüfatı ilə bağlı olan görüşlərində daimi olaraq xatırladır ki, müasir dövr yeni texnologiyaların işə tətbiqini və yeni, qabaqcıl təcrübənin öyrənilməsini tələb edir. Çünki bu tələblər yerinə yetirilmədən yüksək məhsuldarlıqdan danışmaq mümkün deyildir və ölkə rəhbəri əyani faktlara müraciət edərək göstərir ki, ölkədə iri fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malikdir və mütləq iri fermer təsərrüfatları yaradılmalı, formalaşdırılmalıdır və qeyd edilir ki, müasir texnologiyalara, təcrübələrə yiyələnən təsərrüfatlarda artıq hər hektardan yüksək məhsuldarlıq, xüsusən 70, 80 sentner buğda götürmək, pambıq əldə etmək, digər məhsulları almaq mümkündür. Ona görə də qarşıda duran əsas vəzifə bu gün kənd təsərrüfatını müasir üsullarla idarə etmək və qabaqcıl təcrübələrə yiyələnməkdir.
Sözsüz ki, Azərbaycanın kənd təsərrüfatı bilavasitə xalqın sosial rifah halının yaşılaşdırılması üçündür və nəzərə alsaq ki, bu gün ölkə əhalisinin 50 faizə yaxını rayon və kəndlərdə yaşayır və bu insanların əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur, onda işsizliyin aradan qaldırılmasında, məşğulluq səviyyəsinin artırılmasında, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, sosial rifahın yaxşılaşdırılmasında kənd təsərrüfatının rolu daha aydın şəkildə bizə məlum olar. Əlbəttə ki, ölkə rəhbəri tərəfindən həyata keçirilən mühüm tədbirlər, kənd təsərrüfatına edilən güzəştlər, sahibkarların bir çox vergidən azad olunmaları, yeni sübsidiya mexanizminin həyata keçirilməsi, güzəştlərin tətbiqi Azərbaycanda kənd təsərrüfatının inkişafına yönəldilən qayğının, diqqətin nəticəsidir və elə bilirəm ki, bu qayğı və diqqət öz nəticələrini əməli fəaliyyətdə, əldə olunan nəticələrdə göstərəcəkdir”, deyə Tahir Rzayev bildirib.
İşlərinin vaxtında, düzgün aparılması, məhsul istehsalı diqqət mərkəzindədir və sahibkarlar dövlət qayğısı ilə əhatə olunurlar

Etiraf etmək lazımdır ki, kənd təsərrüfatı sahəsinin dinmaik inkişafı bu gün ölkəmiz üçün prioritet hesab olunur və bu baxından da həmin bu sahəyə dövlət qayğısı heç də təsadüfi və əbəs yerə deyil. Yuxarıda qeyd olunduğu kimi, dövlətimiz kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün, torpağın mülkiyyətçiləri üçün böyük güzəştləri də məqsədyönlü şəkildə edir. Məqsəd, əlbəttə ki, bəllidir və qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının ilbəil məhsuldarlığının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ekoloji təmiz məhsullarla istehlakçıların tələblərinin ödənilməsi, eləcə də, kənd təsərrüfatı işləri ilə məşğul olan əhalinin məşğulluq səviyyəsinin artırılması, işsizliyin aradan qaldırılması, vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması, dövlət büdcəsinin gəlirlərinin daha da genişləndirilməsidir. Bunun üçün hər il olduğu kimi, bu il də əkin işlərinin vaxtında və düzgün şəkildə aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı diqqət mərkəzindədir. Heç şübhəsiz ki, cari ildə daha böyük məhsuldarlıq əldə etmək, daha keyfiyyətli kənd təsərrüfatı məhsulu toplamaq, tədarük etmək üçün indidən tədbirlər görülür və aqrar sahədə çalışan sahibkarlar məhz dövlət qayğısı ilə daha geniş şəkildə əhatə olunurlar. Bu isə onu deməyə əsas verir ki, cari ildə də kənd təsərrüfatı məhsullarının ötən ilə nisbətən daha çox əkilib-becəriləcəyi, istehsal ediləcəyi, toplanılacağı, tədarük ediləcəyi, istehlakçıların tələblərinin daha yüksək səviyyədə ödəniləcəyi barədə proqnoz vermək olar və yüksək məhsuldarlığın əldə edilməsinə ümid etməyə dəyər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB