Bəzi sığorta şirkətlərinin yığımları niyə azalıb? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Bəzi sığorta şirkətlərinin yığımları niyə azalıb? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"İlin əvvəlində olan statistika heç də il sonunda olacaq statistika barədə məlumat vermir. Bildiyimiz kimi, il sonunda vətəndaşlar sığortaya bir o qədər çox üz tutmurlar. Ümumilikdə sığorta sektorunda artım nəzərəçarpacaq dərəcədədir. Ən çox sığorta yığımı qeyri-həyat sığortası ilə bağlıdır. Həyat sığortası ilə bağlı yığımlar daha azdır. Lakin bu növ sığorta yığımında da cüzi də olsa artım olur". Bu sözləri SİA-ya açıqlamasında sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda bəzi şirkətlərin sığorta yığımının az olması hər şeyi bəlli etmir: "Çünki qarşıdakı aylarda həmin şirkətlərin sığorta yığımı artıb-azala bilər. Bu, təbii məsələdir".

Ekspert sözlərinə davam edərək bildirib ki, bazarda böyük pay sahibi olan sığorta şirkətlərinin hegemonluğu bir qədər də artıb: "Bu, heç də yaxşı amil deyil. Ona görə ki bazarda mərkəzləşmə və monopolist sığorta şirkəti daha çox olduqca digər xırda şirkətləri sıradan çıxır. Bu da öz-özlüyündə rəqabəti aradan qaldırır. Daha çox sığorta şirkətinin olması daha çox seçim deməkdir. Seçim azaldıqcü müştəri məmnuniyyəti daha aşağı düşür. Hər bir halda bu məsələ ilə bağlı Mərkəzi Bank nəzarət etməli, xırda sığorta şirkətlərinin bazar payı, müştəri məmnuniyyəti, yeni məhsulların çıxarılması barədə həm söhbət aparılmalı, həm də dəstək göstərilməlidir. Əks halda böyük sığorta şirkətləri xırda olanları yeyib bitirəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə