"Sığorta bazarında “Azərsığorta”nın böyük payı yox idi" - RƏYLƏR

"Sığorta bazarında “Azərsığorta”nın böyük payı yox idi" - RƏYLƏR

Prezident İlham Əliyev "Azərsığorta" ASC-nin ləğv edilməsi barədə fərman imzalayıb. Bunun iqtisadiyyatımız üçün hansı nəticələri olacaq? SİA mövzu ilə bağlı iqtisadçı ekspertlər Xalid Kərimli və Eldəniz Əmirovun fikrini alıb.

Xalid Kərimli bildirib ki, sığorta bazarında “Azərsığorta”nın böyük payı yox idi: “O səbəbdən onun ləğvinin Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq. “Azərsığorta” sovet dövründən qalan sığorta şirkətinin davamı kimi fəaliyyət göstərirdi. Harada bazar özünü tənzimləyə bilirsə, orada dövlət mülkiyyətində olan müəssisələrin olması məqsədəuyğun deyil. Çünki özəl mülkiyyət daha uğurlu hesab olunur. Biz bazar iqtisadiyyatı şəraitində işləyiriksə, burada dövlət təsiri mümkün qədər kiçik olmalı, özəl sektora daha çox meydan tanınmalıdır. Təkcə “Azərsığorta” yox, bu kimi digər müəssisələrin də ləğvi, özəlləşdirilməsi, yaxud da səhm paketinin bir hissəsinin özəl sektora ötürülməsi lazımdır. Bu günlərdə “Dövlət İnvestisiya Holdinqi”nin idarə heyətinin sədri də belə bir bəyanat verdi ki, daha iri şirkətlərin səhmlərinin bir hissəsinin özəlləşdirilməsi nəzərdə tutulur. “Azərsığorta” sığorta bazarında böyük oyunçu deyildi, həm də bu bazar özəl sektor tərəfindən tənzimlənə bilər deyə o qədər ehtiyac duyulmayan qurum idi. Dövlətin lazım olmayan yerdə fəaliyyət göstərməsi yaxşı nəticələr vermir, əksinə özəl sektorun işinə mane olur”.

Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda sığorta sistemində islahatların aparılmasına ehtiyac var: “Bu istiqamətdə yaxşı haldır ki, hər il əvvəlki illərə nisbətən yeniliklərə imza atılır. Bu baxımdan düşünürəm ki, cənab Prezident tərəfindən imzalanmış bu fərman özünü müsbət tərəfdən göstərəcəkdir. Bir səhmdar cəmiyyəti ləğv olunursa, deməli ciddi nəsə var. İstənilən ləğv prosesi heçnədən baş vermir. Hesab edirəm ki, hazırkı fərman sığorta sisteminin daha da təkmilləşdirilməsinə və sağlamlaşdırma proseslərinə öz təhfəsini verəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə