"Bizim qarşımızda hələ çox vəzifələr var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Hazırda işğaldan azad edilmiş bölgələrin bərpası üçün həddindən çox vəsait xərcləyirik. Ümumi olaraq toplamda 6 milyarddan artıq Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün pul ayrılıb. Bütün bunlarda məqsəd quruculuq və bərpa işlərini görmək, infrastrukturu yenidən qurmaq və xalqın Böyük Qayıdışını təmin etməkdir. Eyni zamanda həmin ərazilərdə su elektrik stansiyaları, su anbarları açılır. Bir sözlə, bu ərazilərin bərpasından sonra iqtisadiyyata böyük töhfə verəcəyi aşikardır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının içməli su ehtiyyatının 25 faizə qədərini elə bu zona verir: “Bu ərazilər olduqca münbitdir və suvarma üçün lazımi çaylar və s. mövcuddur. Bu ərazilərdə gələcəkdə turizm və müalicə turizmi inkişaf edəcək. Burada kənd təsərrüfatı zonaları yaradılır, əkin sahinləri və böyük fermalar qurulur. Təbii ki, bizim qarşımızda hələ bunlara çatana qədər çox vəzifələr var. İlk növbədə 2027-ci ilə qədər təxminən 140 min nəfər həmin ərazilərə köçəcək, məskunlaşma gedəcək. Təbii ki, məskunlaşma prosesindən sonra kənd təsərrüfatı daha sürətli inkişaf edəcək. Eyni zamanda bu zonada tikilən hava limanları, qazılan tunel, qurulan kommunikasiya xətləri də gələcəkdə iqtisadi baxımından müsbət nəticələrini verəcəklər.
Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında böyük iqtisadi potensial var və bu potensial bir neçə il içərisində özünü göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB