Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq üçün geniş imkanlar var

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunan sərginin pavilyonunda bizim peyklərimiz nümayiş etdirilir. Onlardan bir qismini kosmosa yollamışıq, uğur qazanıb və yaxşı çalışır. Bu günədək 4 müşahidə peykini kosmosa göndərmişik. Gələcəkdə bu sahədə Azərbaycanla əməkdaşlığa hazırıq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) direktor müavini Alime Özyıldırım açıqlamasında deyib.

Yerin məsafədən zondlanması üçün Türkiyənin “İMECE” peykini kosmosa göndərdiyini xatırladan A.Özyıldırım bildirib ki, bu peyk Türkiyənin Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun (TÜBİTAK UZAY) mütəxəssisləri tərəfindən yaradılıb. “İMECE” peyki aprelin 15-də yerli vaxtla saat 10:47-də “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə orbitə çıxarılıb. Kosmosa göndərmə prosesi TÜBİTAK-ın Ankaradakı Yer səthini izləmə stansiyasından həyata keçirilib. “IMECE” peyki fevralın 21-də ABŞ-dakı Vandenberq kosmik bazasına göndərilib.

Qeyd edilib ki, istismar müddəti 5 il olan bu peyk planetin istənilən nöqtəsində yüksəkkeyfiyyətli (ayırdetmə qabiliyyəti 1 metrə qədər olan) təsvirlər almağa imkan verəcək. “İMECE” peykinin imkanları hədəflərin aşkarlanmasından və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasından başlamış aqrar sektorun inkişafına qədər geniş spektri əhatə edir. “SpaceX” şirkətinin daşıyıcı raketi Türkiyənin daha 3 peykini orbitə çıxaracaq: KILIÇSAT, PLAN-S və CON-NECTA T2.1. Gələcəkdə belə peykləri ixrac etmək də planlaşdırılır.

“Üzərində işlədiyimiz digər vacib layihə - “Türksat 6A” peykidir. Bu istiqamətdə bir neçə tərəfdaşla birlikdə çalışırıq. Peykin 2024-cü ildə kosmosa göndərilməsi planlaşdırılır. “Türksat 6A” milli səviyyədə inkişaf etdirilən və bu sahədə Türkiyədəki bilik və bacarığın daha da təkmilləşdirilməsi məqsədi daşıyan ilk telekommunikasiya peykidir. Peyki fəzaya göndərdikdən sonra Türkiyə dünyada bu uğura imza atmış 11-ci ölkə olacaq”, - deyə TÜBİTAK direktorunun müavini bildirib.

Türkiyə Kosmik Agentliyinin 2022-2026-cı illəri əhatə edən strateji kosmik planı barədə məlumat verən A.Özyıldırım deyib ki, planda növbəti illərdə qurumun qarşısında duran hədəflər, onlara çatmaq üçün mümkün yollar və resurslar əksini tapıb. Bütövlükdə, agentlik özü üçün 4 strateji məqsəd və 13 hədəf müəyyənləşdirib. Bu sənədin bir hissəsi elm və astronavtların fəaliyyəti, digər hissəsi isə peyklərlə bağlıdır. Artıq iki astronavtı - Alper Gezeravcı və Tuva Cihangir Ataseveri kosmosa göndərəcəyik. Digər layihəmiz Ay missiyasıdır. Bu missiya da iki hissədən - Ayın səthinə sərt və yumşaq eniş etməkdən ibarətdir. Hazırda Ayın səthinə sərt enişlə bağlı layihə üzərində işləyirik. Ay missiyasında istifadə olunacaq Milli Hibrid İtki Sistemi ilə bağlı da iş aparılır. Bu layihə üzrə xarici tərəfdaşlarla birlikdə çalışırıq.

“Kosmik sahədə tələblərə cavab vermək üçün sürətli və sərfəli qiymətlər təklif etmək lazımdır. İnnovativlik və beynəlxalq əməkdaşlıq bu məsələdə çox əhəmiyyətlidir. Azərbaycan ilə kosmos sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Buna çox böyük önəm veririk. Kosmos sahəsində əməkdaşlıq etmək, ölkələrin sahib olduqları bilik və təcrübələri bölüşmək, kosmosdan sülh naminə istifadə etmək çox vacibdir”, - deyə A.Özyıldırım vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə