"Eximbank" alətlərinin yaradılmasında ITFC ilə tərəfdaşlıq müzakirə edilib

"Eximbank" alətlərinin yaradılmasında ITFC ilə tərəfdaşlıq müzakirə edilib

Azərbaycanda "Eximbank" (ixrac-idxal) alətlərinin yaradılması üzrə İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) ilə tərəfdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə SİA-ya İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, AZPROMO Bakıda səfərdə olan ITFC və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmləri, o cümlədən təsdiqlənməsi gözlənilən Milli İxrac Strategiyası, ixrac coğrafiyasının şaxələndirilməsi, logistikanın subsidiyalaşması və gözlənilən digər təşviqedici mexanizmlər barədə məlumat verib. O, qeyd edib ki, AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvü və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

ITFC-nin baş icraçı direktoru və ICD-nin baş icraçı direktorunun vəzifəsini icra edən Hani Salem Sonbol dövlət-özəl tərəfdaşlığı çərçivəsində AZPROMO ilə əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayaraq, ITFC-nin müxtəlif ölkələr və regionlar üçün hazırladığı ticarətin təşviqi üzrə proqramlar haqqında məlumat verib. Bildirilib ki, Mərkəzi Asiya regionunda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında ticarətin təşviqi üçün ITFC tərəfindən həyata keçirilən əsas proqram (“TCCA+”) çərçivəsində Azərbaycan və Mərkəzi Asiya regionu üçün Ticarətin Təşviqi Təşkilatı (TPO) şəbəkəsinin yaradılmasına AZPROMO tərəfindən gələcək əlaqələndirmə işlərinə potensial dəstəyin göstərilməsi proqramın effektiv reallaşdırılmasına mühüm töhfə verə bilər.

Görüşdə AZPROMO ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması və tətbiqi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Bu sahədə ITFC ilə tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə