Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili çıxışında ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib.

O, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Gürcüstan arasında iqtisadi və siyasi əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini və mühüm rolunu vurğulayıb. Ulu Öndərin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin davamlı genişləndiyini qeyd edib.

Tədbirdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.

İqtisadiyyat naziri sənaye, ticarət, investisiya, alternativ və bərpaolunan enerji, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin önəmini vurğulayıb.

Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə də KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə