Plastik paketlər niyə ödənişlidir? - QURUM RƏSMİSİ DANIŞDI

"Plastik tullantılar ətraf mühitdə parçalanmadan qalır. Onun təbiətdə tam parçalanma prosesi getmir, mikro hissəciklərə bölünərək su və torpaq qatını çirkləndirməyə davam edirlər". Bu sözləri SİA-ya verdiyi açıqlamada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Səyyarə Məmmədova qeyd edib.

O, bildirib ki, məhz buna görə plastik tullantıların azaldılması istiqamətində həm dünyada, həm ölkəmizdə silsilə tədbirlər həyata keçirilir: "Müəyyən tədbirlər planı qəbul olunur, qanunlarda dəyişikliklər edilir, həm də maarifləndirmə tədbirləri həyata keçirilir. İlkin mərhələdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar qadağan olundu. Onların istehsalı, istifadəsi məhdudlaşdırılırdı və buna görə cərimələr tətbiq olunur. Eyni zamanda, yeni bir mərhələ kimi polietilen torbaların ödənişli əsaslarla verilməsinə başlanılıb. Beynəlxalq səviyyədə bu proses çoxdan həyata keçirilir. Bu prosedurun tətbiq olunduğu ölkələrdə vətəndaşlar ya özləriylə ekoçanta götürür, ya da həmin torbalardan az istifadə edirlər. Ölkəmizdə də bu cür qaydaların tətbiqi istifadənin azaldılmasına yönəlikdir.

Sözsüz ki, istifadədə azalma müşahidə olunur. Artıq insanlar öz büdcələrini də düşünüb polietilen paketlərdən az istifadə edirlər. Hər gün alış-veriş edən biri gündə üç-dörd paketə pul vermək istəmir, təbii olaraq insanlar eko çantalara və yaxud başqa ekologiyaya zərər vurmayan alternativlərə yönəlirlər. Əvvəllər pulsuz olduğu üçün insanlar lazımsız yerə, xırda bir məhsul aldıqda belə bu torbalardan istifadə edirdilər. İndi isə ciddi fərq görürük. İnanırıq ki, zaman keçdikcə bu addım öz doğruluğunu daha çox isbat edəcək".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə