Son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə edilir. Belə ki, bölgələrdə az da olsa ucuzluq müşahidə olunsa da, ümumilikdə Bakı ilə yanaşı, bölgələrdə də ət bahalaşıb.

SİA mövzu ilə bağlı araşdırma edib.
Ətin insan orqanizminə hansı fayda və zərərləri var? Hər gün ət yesək nə olar?
Həddindən artıq ət istehlakı ən çox həzm sisteminə təsir edir və mədədə müəyyən narahatlıq yarada bilər. Güc qıran bir qida olduğundan, orqanizm onu həzm etməkdə çətinlik çəkir. Bu səbəbdən həddindən artıq istehlak edildikdə mədə ağrısı, bağırsaqlarda qaz və şişkinlik kimi problemlər yarana bilər.
Ət yediyimiz zaman bədəndə nələr baş verir?
Ətin anemiyanın qarşısını almaq, hamiləliyi dəstəkləmək, ürək-damar sağlamlığını qorumaq, psixoloji sağlamlığı dəstəkləmək, yuxusuzluğu müalicə etmək, xolesterin səviyyəsini balanslaşdırmaq, raxit xəstəliyini müalicə etmək, əzələləri gücləndirmək, enerji vermək və dərini sağlam saxlamaq kimi inanılmaz sağlamlıq faydaları var.

Yeni Yasamal ərazisində yerləşən “Məmmədli” ət dükanının sahibi Vəli Qarayev: “Bizdə mal ətinin 1 kiloqramı 14.50 AZN, quzu əti 16.50 AZN, qoyun əti isə 12.50 AZN-dır. Alıcı qabiliyyəti isə əvvəlki aylarla müqayisədə çox zəifdir. Ət alan da 1 kq zorla ala bilər, ya almaz.
Qeyd edim ki, bizim heyvanlar Bərdədən gəlir və çox keyfiyyətli ətdir”.
Bəs, qonşu ölkələrdə vəziyyət necədir?
Türkiyədə bu il Ramazan ayı yaxınlaşdıqca ətin qiyməti qalxmaqda davam edir. İlin əvvəlindən artım tempi 50 faizə çatıb. Belə ki, fevral ayında mal əti qiymətlərinin bir əvvəlki aya görə yüzdə 10,31 artması diqqət çəkir.

Milli Qırmızı Ət Şurasının 2 martda etdiyi şərhdə inflyasiya məlumatlarından bir gün əvvəl qırmızı ət qiymətlərində aylıq və illik artımlar diqqət çəkib. Kombayn və kəsim məntəqələrindən alınan həftəlik arıq mal və arıq quzu ətinin qiymətlərinə əsasən, mal ətində aylıq artım 30,3 faiz, illik artım isə 147,4 faiz olub.
Belə ki, Türkiyədə quzu quşbaşının 1 kiloqramı 375, 90 TL (33.15 AZN), çəkilmiş quzu əti 405,90 TL (35.80 AZN), sümüksüz quzu bud 375,90 TL (33.15 AZN), yağsız dana 379,90 TL (33.50 AZN), dana əti qiymə 329,90 TL (29.09 AZN), quzu antrikot 433,90 TL (38.27 AZN), quzu qol 265,90 TL (23.45 AZN).

İqtisadçı ekspert Eldəniz Əmirov: “Statistika Komitəsinə istinad edərək qeyd edib ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı 8,67 milyon idi.
Ümumilikdə görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı 2016-ci illə müqayisədə 500 mindən çox artıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə, ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon nəfər artıb, heyvanların sayı isə bir milyon baş azalıb.
İqtisadçı heyvanların sayının azalması ilə bağlı bildirib ki, səbəblər çoxdur, amma başlıca səbəb yem məhsulları amilidir, o cümlədən, örüş sahələrinin azalması məsələləridir: “Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2 417 000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “Bölgələrlə Bakı şəhərinin arasında ətin qiyməti üzrə fərqlərin olması bir tərəfdən təbii haldır. Çünki bilirsiniz ki, heyvandarlıqla əsasən ölkənin bölgələrində məşğul olurlar və orada heyvandarlıqla məşğul olan fermer öz məhsulunu, malını, ətini birbaşa bazara çıxara bilir. Ona görə də birbaşa bazarda, sözsüz ki, ətin qiyməti bir qədər aşağı olmalıdır.
Bakı isə digər böyük şəhərlər var ki, tutaq ki, Gəncə, Lənkəran, Astara, Mingəçevir kimi şəhərlərdə ət biznesi, ətin satışının təşkili bir qədər monopoliyalaşıbdır. Ona görə də bölgələrdə ətin qiyməti ilə Bakıda ətin qiyməti arasında xeyli fərqlər vardır. Biri var yəni o sallaqxanada satılan ətlərin qiymətləridir, biri də var topdansatış bazarın qiymətləridir. Sallaqxanalarda olan fərq bölgələrlə Bakı arasında təxminən 2-3 manatdır. Amma topdansatış qiymətləri ilə Bakı sallaqxanalarının ət qiymətləri arasında bəzən 5-6 manat fərq olur. Bu da onunla əlaqədardır ki, fermer yalnız öz rayonundakı və yaxud qonşu rayondakı diri mal bazarına heyvanları çıxarıb satmağa məhkumdur. Yəni, tutaq ki, Beyləqan rayonunda 2 min qoyunu olan fermer birbaşa öz heyvanlarını kəsib ət şəklində gətirib bazarda sata bilmir. O, bazara girə bilməz. Yəni bu səbəbdən fermer məcburdur ki, öz heyvanlarını həmin rayonun ərazisində tutaq ki, Beyləqanın, Ağcabədinin, İmişlinin mal bazarına çıxardıb yəni, bunlar əslində, topdansatış ət bazarıdır, ən böyük seqment bu bazarda topdansatış ət bazarına çıxartsın, o bazarlardan da Bakıda ət bazarını öz inhisarında saxlayan qruplar da həmin bazardan məhsulu alır və gətirib Bakıda satır.
İkinci bir qrup yoxdur. Yəni, alternativi olmadığına görə bu qrup Bakı şəhərində qiyməti diktə edə bilir. Bir tərəfdən bunlar rayonlarındakı mal bazarında qiyməti tənzimləyə bilirlər. Yəni bir qədər sözləşiblər ki, bazarda dövriyyəni azaldaraq bazarın əsas müştəriləri Bakıdan gedən qəssablardır. Onlar sözləşib az mal alırlar. Az mal alanda artıq tələb azalır və təklif artır. Məcburən qiymət enir. Növbəti bazar günü isə, növbəti bazar olanda qiymətlər bir qədər də aşağı düşür. Yəni, Bakıda ət satışının monopoliyada olması, əsasən, bölgə ilə Bakı arasındakı ətin qiymətində fərqləri yaradan əsas səbəbdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB