“Ümummilli lider Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” - YENİLƏNİB-FOTOLAR

“Ümummilli lider Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” - YENİLƏNİB-FOTOLAR

Energetika Nazirliyində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə energetika naziri Pərviz Şahbazov, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, YAP-ın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Energetika Nazirliyivə tabeli qurumların kollektivi, həmçinin media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək, Sovet dövründə Qafqazın ən iri istilik elektrik stansiyası “Azərbaycan” İES ilə yanaşı, ümumi gücü 3 min meqavatdan çox 6 elektrik stansiyanın və müxtəlif gərginlikli 17 yarımstansiyanın, müstəqillik illərində isə 620 MVt gücündə elektrik stansiyaları və 6 yarımstansiyanın istismara verilməsi, həmçinin neft sənayesinin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edib. Bildirilib ki, məhz Ümummilli lider Heydər Əliyevin iradəsi, qətiyyəti sayəsində Azərbaycanın neft sənayesi tarixində ilk uzunmüddətli beynəlxalq müqavilə - “Əsrin müqaviləsi” imzalandı. Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq neft şirkətləri ilə birgə işlənməsi və xarici bazarlara çıxarılması mifdən reallığa çevrildi: “Ümummilli Lider Heydər Əliyev özünəməxsus müdrikliklə fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geosiyasi regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də onların ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Ulu Öndər Heydər Əliyevin əsərləridir”.

Çıxışda o da vurğulanıb ki, Azərbaycanın uzunmüddətli enerji siyasətinə Ulu Öndər Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş olub. Həmin saziş sayəsində Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsinə, Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsinə imkan yaranıb. Bu gün bu layihələrin hər biri ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələridir: “Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb, 170 milyard dollardan çox gəlir əldə edilib. Bakı-Supsa 99,4 milyon ton, BTC isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub”.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla nəinki ata vəsiyyətini yerinə yetirib, həm də Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. Dövlət başçısının zənginləşdirdiyi müstəqil enerji siyasətinin zirvəsi olan Cənub Qaz Dəhlizi ilə iki ildən artıqdır ki, Avropaya 21 milyard kubmetr qaz tədarük edilib. “Ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. Yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin priorietləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcəkdir”.

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən ona göstərilən yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1 milyardıncıton, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2 milyardıncı ton neftin hasil olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, eləcə də bir sıra mühüm əhəmiyyət kəsb edən hadisələrə şahidlik etdiyini bildirən Xoşbəxt Yusifzadə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətlərinin əvəzolunmaz olduğunu ifadə edib.

Ulu Öndərin rəhbərliyinin birinci dövrünə qədər ölkəmizdə böhran vəziyyətinin hökm sürdüyünü qeyd edən Xoşbəxt Yusifzadə 1969-1982-ci illərdə Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesinin də inkişafı üçün əsaslı addımlar atıldığını, bunun nəticəsi olaraq respublikanın neft ehtiyatlarının iki, qaz ehtiyatlarının isə üç dəfə artırıldığını bildirib. “Əsrin müqaviləsi”nin Ulu Öndərin yeni neft strategiyasının birinci şah əsəri olduğunu vurğulayan Xoşbəxt Yusifzadə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan neftinin Avropa və dünya bazarlarına birbaşa nəqlinə imkan yaratdığını, həmçinin Xəzəryanı ölkələr arasında iqtisadi və qarşılıqlı faydalı münasibətlərin genişlənməsinə böyük töhfələr verdiyini qeyd edib.

Tədbirin sonunda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan energetikası” adlı videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə