Bakı Tiflis Qars dəmiryolu Regionun gələcək inkişafına töhfə verəcəkdir
2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ikitərəfli Saziş (Bundan sonra - İkitərəfli Saziş), habelə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (bundan sonra - Kreditor) və “Marabda Kartsaxi Dəmir Yolu” MMC (bundan sonra - Borcalan) arasında “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” (bundan sonra - Kredit Müqaviləsi) imzalanmışdır.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq. 27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi. Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq.
Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da görürük.
Belə ki, bu dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir və onun imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir. Bakı-TbilisiQars dəmir yolu xəttinin perspektivlərindən danışarkən qeyd etməliyik ki, Asiyada yüklərin əsas yaranış ölkəsi olan Çin artıq bu xəttə böyük maraq göstərir. Bu layihə Qazaxıstan üçün də səmərəlidir. Çünki bu yol Türkiyənin Mersin limanı vasitəsilə Aralıq dənizi regionuna çıxışı təmin edir. Odur ki, bu dəmir yolu xətti Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlayır, bununla da Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir.
Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir.
Digər məsələ, bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bununla da Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Bu, həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.
Həmid Abasov
Xəzər rayonu, 181№li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB