ABŞ-a qarşı Türkiyə, Norveç, İsveçrə və Çinin etirazları haqlı sayıldı

Ümumdünya Ticarət Təşkilatının qərarı yerinə yetirilməzsə, Türkiyə və digər ölkələrin ABŞ-a əlavə vergilər tətbiq etmək hüququ doğur
ABŞ-a qarşı Türkiyə, Norveç, İsveçrə və Çinin etirazları haqlı sayıldı

Ümumdünya Ticarət Təşkilatı (World Trade Organization - WTO) ABŞ-ın polad və alüminiuma əlavə gömrük rüsumlarını qaydalara zidd elan etdi və beləliklə, Türkiyə, Norveç, İsveçrə və Çinin etirazları haqlı sayıldı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

ABŞ 2018-ci ildə polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etməyə başlamışdı. Əlavə gömrük rüsumunun tətbiqinə səbəb kimi “milli təhlükəsizlik problemləri” göstərilmişdi. Türkiyə, Çin, Norveç və İsveçrə ABŞ-ın bu qərarına etiraz etmişdilər.

Ümumdünya Ticarət Təşkilatı etirazları əsaslı hesab etdi, əlavə vergi qərarının müharibə və ya fövqəladə vəziyyət səbəbilə qəbul edilmədiyini və bunun qlobal ticarət qaydalarını pozduğunu bəyan etdi.

Qərara etiraz edən rəsmi Vaşinqton təşkilatın milli təhlükəsizlik məsələlərində qərar verə bilməyəcəyini əsas gətirərək əlavə vergilər tətbiqinə davam edəcəyini bildirib.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının qərarı yerinə yetirilməzsə, Türkiyə və digər ölkələrin ABŞ-a əlavə vergilər tətbiq etmək hüququ doğur.

Bütün xəbərlər Facebook səhifəmizdə