Mərakeşin paytaxtında “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib

Mərakeş Krallığının paytaxtı Rabat şəhərinin mərkəzində yerləşən, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan, ölkənin önəmli tarixi-arxeoloji məkanlarından hesab edilən “Chellah” qoruğu ərazisində 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycanın aparıcı media platformalarından biri olan “Nərgiz” jurnalı tərəfindən “Əlifba” mədəni layihəsinin təqdimatı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azercell Telekom” şirkətinin dəstəyi və Azərbaycanın Mərakeşdəki səfirliyinin vasitəçiliyi ilə baş tutmuş tədbirdə “Nərgiz” jurnalının baş redaktoru xanım Ülviyyə Mahmud jurnalın kollektivi ilə birlikdə iştirak edib.

SİA-nın məlumatına görə, bu barədə səfirlikdən məlumat verilib.

Tədbirdə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid, həmrəylik, sosial inteqrasiya və ailə məsələləri üzrə nazir xanım Naima Ben Yəhya, Audiovizual Kommunikasiya üzrə Ali Qurumun rəhbəri xanım Lətifə Axarbaş və digər dövlət rəsmiləri, eləcə də diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları, Azərbaycan diaspor nümayəndələri də daxil olmaqla 150-yə yaxın qonaq iştirak edib.

Qonaqlara 2012-ci ildən fəaliyyət göstərən “Nərgiz” jurnalının müxtəlif ölkələrdə mədəniyyət, incəsənət, ətraf mühit kimi sahələrdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, jurnalın baş redaktoru xanım Ülviyyə Mahmudun təşəbbüsü ilə ərsəyə gəlmiş “Əlifba” kitabı 2019-cu ildən etibarən Azərbaycanın zəngin mədəni irsinin təbliğinə önəmli töhfə verir, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanı həyata keçirir. Diqqətə çatdırılıb ki, ərəb və fransız dillərinə də tərcümə edilmiş kitabın İstanbul, Berlin və Doha şəhərlərindən sonra Rabatda da təqdimatı əlamətdar hadisədir.

Tədbir çərçivəsində ABŞ-dan gəlmiş, əslən azərbaycanlı pianoçu və bəstəkar Ruslan Ağababayevin xüsusi qonaq qismində dəvət edilmiş mərakeşli musiqiçi Mustafa Antari ilə birgə ifasında Azərbaycan və dünya musiqisindən incilər səsləndirilib, habelə Rəşad Ələkbərovun “Azərbaycana xoş gəlmisiniz” instalyasiyası təqdim edilib. Bununla yanaşı, Azərbaycanın tanınmış caz musiqiçisi Əzizə Mustafazadənin əsərlərinin müşayiəti ilə ölkəmizin müxtəlif bölgələrini əks etdirən 14 ənənəvi milli qadın geyiminin kolleksiyasından ibarət moda nümayişi qonaqlar tərəfindən seyr edilib. Həmçinin ölkəmizin zəngin mədəniyyəti və tarixini əlifba vasitəsilə əks etdirən, azərbaycanlı rejissor Mehran İsmayılsoy və ssenari müəllifi Ağamehdi Abidovun müəllifi olduğu “Tarix məktublarda” adlı qısametrajlı sənədli cizgi filmi izlənilib. Sonda Azərbaycan milli mətbəxinin nümunələri iştirakçılara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə