“Yel suyu, odu və torpağı tərpədərək oyadır“

“Novruz bayramının ən gözəl çərşənbəsi də dördüncü çərşənbə, ilaxır çərşənbədir. Bu çərşənbə xalqımızın bir il gözlədiyi və inancların yerinə yetiriləcəyi çərşənbədir. Dördüncü, ilaxır çərşənbə yel çərşənbəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

O bildirib ki, çərşənbə müxtəlif bölgələrdə müxtəlif cür adlandırılır: “Qərb, Qarabağ bölgəsinin inancına görə yel suyu, odu və torpağı tərpədərək onları oyadır. Bu çərşənbə günü səhər tezdən hər kəs bayram tədarükü ilə məşğul olur. Çərşənbənin ən mühüm özəlliyi insanların süfrəni daha zəngin etməyə çalışmasıdır. Çünki bununla bir ili bu cür bolluq-bərəkət içərisində keçirəcəklərinə inanırlar.
Novruz bayramının bu çərşənbəsində artıq xonçalar bəzədilir, xonçanın ətrafında isə bayram şamları yandırılır. Həmçinin sonuncu çərşənbədə mütləq süfrələrdə səməni olur.
Novruz bayramında qapı pusma adət-ənənəsi olduğundan qapılar taybatay açılır və gözəl söhbətlərdən danışılır ki, niyyət edib qapı pusan, müsbət sözlər eşitsin.

Keçmiş zamanlarda insanlar sübh çağına qədər yatmaz, birgə söhbətlər edərdilər. İnsanların sübh çağının açılmasını gözləməkdə məqsədi var idi. Belə ki, sübh çağında söyüdlər başını yerə əyir, su bir anlığa dayanır və kim bunu görürsə, arzu, istəklərinə çatır. Sübh açıldıqdan sonra isə insanlar bulaq başına gedər, bəzən gətirdikləri sudan üzük falına baxardılar. Novruz bayramın bu çərşənbəsi, həm də libasdəyişmədir. Belə ki, qadınlar kişi, kişilər isə qadın paltarı geyinərdilər. Buradakı məqsəd isə tanınmamaq və getdikləri evdə şənlik yaratmaq idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə