"Film sektoru intibah dövrünü yaşamır" - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Xalq artisti, aktyor Sabir Məmmədovun SİA-ya müsahibəsini təqdim edirik:

- Sabir müəllim, hazırda Azərbaycan film sektorunda vəziyyət necədir?

- Düzü, hazırda ölkəmizdə film sektoru intibah dövrünü yaşamır. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Günahı birbaşa kiminsə üzərinə atmaq da düzgün deyil. Bilmirəm ki, bu dövrlə əlaqədardır ya yox. Amma bir aktyor olaraq fikrim odur ki, bugünkü gündə film bolluğu yoxdur.

- Sizcə, indiki gənclərin Azərbaycan filmlərinə marağını artırmaq üçün nələr etmək lazımdır?

- Doğrusu, gənc nəsil bizdən daha intellektualdır. Amma subyektiv fikrim odur ki, gənclərin milli kinolarımıza marağını artırmaq üçün vətənpərvərlik mövzusunu daha çox qabartmaq lazımdır. Çünki Azərbaycan xalqı qalib xalqdır. 30 il ərzində həmişə qəlbimizdə yara kimi qalan Qarabağ problemimiz həll olunub. Bunu isə Ali Baş Komandanımızın rəhbərliyi altında bugünkü çağdaş gənclərimiz bacarıb. Onlar Vətən uğrunda döyüşüb, hətta öz canlarından, sağlamlıqlarından keçiblər. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bu ruhda yetişən gəncləri vətənpərvərlikdən başqa nə maraqlandıra bilər?! Ona görə də bu mövzu ilə gənclərimizin Azərbaycan filmlərinə diqqətini artıra bilərik.

- Bir tərəfdən gəncləri də qınamaq olmur. Çünki indiki filmlərə və ya seriallara baxdıqda aktyorların istər danışığında, istərsə də davranışlarında sünilik hiss olunur. Bunun səbəbini nə ilə izah etmək olar? Niyə filmlərimizdə olan əvvəlki səmimiyyət indi yoxdur?

- Mən bunun səbəbini qeyri-peşəkarlıqda görürəm. Film sektoru o qədər inkişaf etməlidir ki, sizin qeyd etdiyiniz problemləri artıq görməməliyik. Əvvəlki və indiki dövrü müqayisə etsək, elə ilk növbədə zamanın dəyişdiyini qeyd etməliyik. İkincisi, Sovet dövründə müəyyən kriteriya, ölçülər var idi. Ssenari, kinomatoqrafiya baxımından bir qəlib var idi ki, hər kəs ona uyğun olaraq öz məhsulunu ortaya qoyurdu. Amma indi bunların heç biri yoxdur. Məsələn, özəl bir prodakşın ürəyi istədiyi bir film ərsəyə gətirir. Heç bir senzuraya uyğun gəlməsə belə adını film qoyurlar və heç kim nəsə deyə bilmir. Hazırda reytinq, harada prakatda olması, "YouTube"da göstərilməsi ilə bağlı bir sıra məsələlər var. Yəni, konkret bir yer yoxdur ki, bu filmin ssenarisinin niyə belə olduğunu və ya kimin yazdığını maraqlanmaq olsun. Bir sözlə, indiki dövr tamam fərqlidir.

- Bəs sizcə, hazırda inkişaf edən elektronlaşma prosesi kinoteatrlara olan marağı azaldır?

- Bəli. Düşünürəm ki, elektronlaşma teatrlara və kinoteatrlara olan marağı azaldır. İnsanların diqqətini çəkmək üçün biz də həmin platformalara üz tutmalıyıq. İstər "YouTube", istərsə digər platformalarda filmlərimiz nümayiş olunur. Məsələn, "Netflix" platforması ayrıca bir şirkətdir, özü film çəkir, özü də nümayiş etdirir. Həmin platformada nümayiş olunan filmləri milyonlarla insan izləyir. Deməli, bizdə də bu istiqamətdə müəyyən addımlar atılmalıdır. İstəsək-istəməsək də bunlar olmalıdır.

- 8-11 oktyabr tarixlərində Bakıda keçirilən III "Korkut ata" film festivalı barədə nə düşünürsünüz?

- Bu festivalın keçirilməsi çox yaxşı bir təşəbbüsdür. "Korkut ata" film festivalı Türkiyədə təsis olunub. Festivalın üçüncüsü Azərbaycanda keçirilir. Bu festivalın müsbət töhfələrindən biri odur ki, digər türk dövlətləri ilə aramızda olan dil bariyeri götürülür. Ortaq bir mədəniyyət formalaşır. İkinci bir müsbət cəhəti isə odur ki, filmlərimiz digər türk dövlətlərində də nümayiş olunur və tanınır. Eyni zamanda, digər türk dünyasının filmləri bizim ölkədə nümayiş olunur. Bu baxımdan "Korkut ata" festivalı təqdirəlayiq bir layihədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə